İrakli Kobaxidze Azərbaycan və Ermənistan arasında sülh sazişinə münasibət bildirdi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış sülh sazişinə münasibət bildirib.
InterPress.ge xəbər verir ki, bu barədə Kobaxidze "X" sosial şəbəkəsində yazıb.
“Gürcüstan Ermənistan, Azərbaycan, region və bütün dünya üçün bu tarixi anı alqışlayır. Donald Trampı, İlham Əliyevi və Nikol Paşinyanı bu uğur münasibətilə, mühüm sülh sazişinin imzalanması və regionda sabitlik və iqtisadi inkişafın yeni dövrünün başlanması münasibətilə təbrik edirəm. Gürcüstan hər zaman regional sülhü və əməkdaşlığı dəstəkləyib və bu möhkəm dəstəyini davam etdirəcək,” – Kobaxidze X sosial şəbəkəsində yazıb.
Xatırladaq ki, avqustun 8-də Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyev Vaşinqtonda, ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə sülh sazişi imzalayıblar.


