06 
Avq
2025
16:29
290

Salome Zurabişvili: "Mzia Amaglobelinin həbsi rejimin geri çəkilməyə cəsarətinin qalmadığını göstərir – bu mübarizə burada bitməyib"

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Batumelebi” və “Netqazeti”nin təsisçisi Mzia Amaglobelinin işinə dair çıxarılan məhkəmə hökmünü şərh edərək, onun həbsini "rejimin artıq nə geri çəkilməyə, nə də qərarını sona qədər aparmağa cəsarətinin qalmadığını" göstərən bir addım kimi qiymətləndirib.

Zurabişvili bildirib ki, bu, sadəcə bir məhkəmə qərarı deyil, həm də rejimin vəziyyətinin göstəricisidir:

“Mzia Amaglobelinin həbsi göstərir ki, bu rejim artıq nə geriyə addım atmağa cəsarət edir, nə də sonadək öz istədiyini həyata keçirə bilir. Onlar neytral zonada qalırlar və elə bilirlər ki, bu yolla vəziyyətdən çıxa biləcəklər. Xeyr, bu mümkün olmayacaq! Bu mübarizə burada bitmir. Mzianın əzmkarlığı, onun nümayiş etdirdiyi mövqe hamımıza böyük nümunədir. Bu hökumət onu heç cür sındıra bilməz.”

Zurabişvili əlavə edib ki, bu hökm nə Gürcüstan xalqının, nə də gözləntilərinin əksidir:

“Bu, o hökm deyil ki, biz hamımız gözləyirdik. Mzia azad olunmalı idi. Belə rejimlərdən nəsə gözləmək olmaz. Biz sadə və ayıq olmalı, hər şeyə hazır olmalıyıq. Bu prosesdə həm zəiflik, həm də gücün bariz əlamətləri üzə çıxdı. Bu gün Mzia Amaglobeli həmin gücün simvoludur. Ona təşəkkür edirəm!”

Zurabişvili həmçinin, narkotik ittihamı ilə mühakimə olunan həkim Giorgi Axobadzenin işi barədə də danışaraq onun yanında olduğunu bildirib:

“Təəssüf edirəm ki, eyni vaxtda orada ola bilmədim. Orada olmaq istəyirdim. Lakin ruhən onların yanındayam. Hər kəsin mübarizəsi bizim mübarizəmizdir. Bu rejimdən daha güclü olan insanlar var və bu, bizim hamımız üçün mübarizəni davam etdirməyə əsas və səbəb verir.”

Zurabişvili sonda vurğulayıb ki, Mzia Amaglobelinin həbsdə saxlanılması ilə hakimiyyət Avropa İttifaqına və digər beynəlxalq tərəfdaşlara Gürcüstanın Avropaya inteqrasiyadan imtina etdiyi mesajını ötürür:

“Onu həbsdə saxlamaqla ‘Gürcü Arzusu’ Avropa İttifaqına və bütün tərəfdaşlara mesaj verdi – ‘Biz sizinlə olmaq istəmirik, bu bizim suverenliyimizdir’. Bu, Gürcü xalqının qərarı deyil, əksinə, xalqın iradəsinə qarşı çıxmaqdır. Heç kim Gürcü xalqının iradəsinə mane ola bilməz.”

Bizimlə əlaqə saxlayın