24 diplomatik nümayəndəlik jurnalistin həbs olunmasına görə bəyanat yaydı
Gürcüstanda akkreditə olunmuş 24 diplomatik nümayəndəlik birgə bəyanat yayaraq jurnalist Mzia Amaglobeliyə qarşı çıxarılan iki illik həbs qərarını “qeyri-proporsional və siyasiləşdirilmiş hökm” adlandırıb və onun dərhal azad olunmasına çağırıb.
InterPress.ge-nin məlumatına görə, bəyanatda qeyd olunur ki, Mzia Amaglobelinin işi və “Batumelebi” və “Netqazeti” media qurumlarına göstərilən təzyiqlər Gürcüstanda jurnalistlərin artan təqibinin, cəzasız zorakılığın və hüquqi təqibin nümunəsidir.
Bəyanatı aşağıdakı ölkələrin diplomatik nümayəndəlikləri imzalayıb: Avstriya, Belçika, Kanada, Çexiya, Danimarka, Estoniya, Avropa İttifaqı, Finlandiya, Fransa, Almaniya, İslandiya, İrlandiya, İtaliya, Latviya, Litva, Lüksemburq, Niderland, Norveç, Polşa, Rumıniya, İspaniya, İsveç, Ukrayna və Böyük Britaniya.
“Biz, Gürcüstanda fəaliyyət göstərən və Media Azadlığı Koalisiyasına üzv ölkələrin və müttəfiq diplomatik nümayəndəliklərin nümayəndələri olaraq, Mzia Amaglobeliyə qarşı çıxarılan qeyri-proporsional və siyasiləşdirilmiş hökmü qətiyyətlə pisləyirik. O, 2 il müddətinə azadlıqdan məhrum edilib.
Amaglobelinin işini onun uzunmüddətli həbsdə saxlanılması da daha da ağırlaşdırıb, bu müddətdə onun sağlamlığı, xüsusilə də görmə qabiliyyəti ciddi şəkildə pisləşib.
Bu iş və media qurumlarına göstərilən təzyiq Gürcüstanın ifadə azadlığı və beynəlxalq öhdəliklərinə zidd şəkildə medianın sıxışdırılmasının nümunəsidir.
Biz 2024-cü il dekabrın 20-də Media Azadlığı Koalisiyası tərəfindən yayımlanmış bəyanatın məzmununu bir daha təsdiqləyirik və jurnalistlərə və media nümayəndələrinə qarşı hər cür zorakılığı və hədə qorxunu pisləyirik.
Biz Mzia Amaglobeliyə həmrəylik göstərir və onun dərhal azad olunmasına çağırırıq”, – deyə bəyanatda bildirilir.
Xatırladaq ki, “Batumelebi” və “Netqazeti”nin təsisçisi Mzia Amaglobeli 2 il müddətinə azadlıqdan məhrum edilib. Hakim əvvəlcə ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 353/1-ci maddəsini 353-cü maddə ilə əvəzləyib. Bu maddə polis və ya digər səlahiyyətli şəxslərə qarşı müqavimət göstərmə, onların fəaliyyətinə mane olma və ya dəyişdirmə məqsədi daşıyan hərəkətləri nəzərdə tutur və 2 ildən 6 ilədək azadlıqdan məhrumetmə cəzasını ehtiva edir.
Əvvəlcə ona qarşı dövlət məmuruna və ya ictimai quruma hücum ittihamı irəli sürülmüşdü ki, bu da 4 ildən 7 ilədək həbs cəzasını nəzərdə tuturdu.


