05 
Avq
2025
13:12
188

Şalva Papuaşvili - Gürcüstan və Salome Zurabişvilinin adlarını düzgün tələffüz edə bilməyən Co Uilson bizim taleyimizdən çox narahat deyil və bunun arxasında maliyyə maraqları dayanır

Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili ABŞ Konqresmeni Co Uilsonun “X” sosial şəbəkəsində paylaşdığı “MEGOBARI aktı” ilə bağlı çağırışına sərt reaksiya verib. Papuaşvilinin sözlərinə görə, Uilson Gürcüstan və Salome Zurabişvilinin adını belə düzgün tələffüz edə bilmir və Gürcüstanın taleyinə görə narahatlıq keçirmir – onun bu çıxışlarının arxasında maliyyə maraqları dayanır.

Papuaşvili bildirib ki, ABŞ-da tətbiq olunan və bəzi dairələrin “rus qanunu” adlandırdığı şəffaflıq aktı sayəsində bu maliyyə əlaqələri üzə çıxıb. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası ilə Uilsonun kampaniyasına ianə edən şirkət arasında müqavilə mövcuddur:

“ABŞ-ın şəffaflıq qanunu ABŞ-ın özünü qorudu və maliyyə əlaqələrini ictimaiyyətə açıqladı. Biz də bu qanun sayəsində bu əlaqələrdən xəbər tutduq. Müqavilədə bir müddətlik fasilədən sonra yenisi qüvvəyə minib. Hər şey o qədər aşkardır ki, bu, sadəcə gündəlik səs-küy yaratmaq cəhdidir. Bir gün konqresmen, bir gün parlament, başqa gün hansısa ölkənin hökuməti – sanki həftəlik cədvəl üzrə bir-birini əvəz edirlər ki, ara-sıra Gürcüstanda kimsə nəsə desin və xalqı narahat etsin.”

Parlament sədri bildirib ki, bu çıxışlar Gürcü xalqında əsəb və emosional gərginlik yaratmağa yönəlib və xarici aktorlar məqsədli şəkildə daxili gərginlik yaradırlar:

“Bu səhnəyə baxanda, hansı dəyərlərdən və Avropadan danışırlar? Gürcü xalqının əleyhinə zərərli fəaliyyətlər həyata keçirilir. Avropa İttifaqına üzv ölkələrin rəsmiləri bu prosesdə iştirak edirlər. Bu, görünə biləcək ən böyük məyusluqdur.”

Qeyd edək ki, Co Uilson “X”də yayımladığı paylaşımda “250 gündür ki, cəsur Gürcü xalqı anti-Amerika 'Gürcü Arzusu' rejiminə qarşı etiraz edir. Onlar ölkələrinin Kommunist Çin, İranın terrorçu rejimi və müharibə canisi Putin üçün satılmasının dayandırılmasını tələb edirlər. Bizə MEGOBARI Aktı lazımdır!” – deyə yazıb.

Bizimlə əlaqə saxlayın