Azyaşlı qızın qaçırılması ilə bağlı iki nəfərə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu Bolnisi bələdiyyəsində 25 iyulda baş vermiş azadlıqdan qanunsuz məhrum etmə faktı ilə bağlı iki şəxsə ittiham irəli sürüb.
InterPrsss.ge xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
İstintaqla müəyyən olunub ki, iki qardaş, onlardan birinin qızı zorla ərə almaq niyyətilə, qadın və kişi bərabərliyinə qarşı dözümsüzlük zəminində, azyaşlı qızın azadlığını qanunsuz şəkildə məhdudlaşdırıblar.
Prokurorluğun məlumatına əsasən, hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsinin “a” bəndi ilə ittiham irəli sürülüb – bu maddə qrup halında və əvvəlcədən razılaşdırılmış şəkildə azadlıqdan qanunsuz məhrum etmə cinayətini nəzərdə tutur və 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası ilə nəticələnə bilər.
Prokurorluğun təqdimatı əsasında məhkəmə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçib.


