Metyu Brayza: “Gürcüstan artıq Avropa ölkəsi deyil, Rusiya orbitinə keçib və böhrandadır”
"Gürcüstan hazırda dərin böhran içindədir, artıq Avropa ailəsinin üzvü kimi qəbul edilmir və getdikcə daha çox Rusiya orbitinə keçir."
InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin keçmiş yüksək vəzifəli nümayəndəsi Metyu Brayza Independence Avenue Media-ya verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Gürcüstan artıq Avropa və transatlantik ailənin üzvü olmaq yolunda gedən ölkə deyil:
“Gürcüstan böhrandadır. O, artıq əvvəlki Gürcüstan deyil. Artıq Avropa ölkəsi deyil və transatlantik ailəyə qoşulmağa çalışmır. O, ilişib qalıb və bu, Rusiyanın planı ilə həyata keçirilir – Tiflisdə bəzi şəxslərin köməyi ilə.”
Brayza qeyd edib ki, Gürcüstan Avropa və ABŞ üçün marağını itirir və assosiasiya kursunu dayandırıb:
“Artıq Gürcüstan Avropa İttifaqı ilə assosiasiya yolunda deyil. Onu normal transatlantik və ya Avropa ailəsinin üzvü kimi görmürlər. Gürcüstan hökuməti özü də bildirib ki, bu istiqamətdə səyləri dayandırır.”
O əlavə edib ki, Avropa İttifaqı artıq Gürcüstan hökumətinə sanksiyalar tətbiq edib və münasibətləri dostcasına hesab etmir:
“Avropa İttifaqı sanksiyalar tətbiq etdi və açıq şəkildə bildirdi ki, Gürcüstanın hazırkı hökumətini dost hesab etmir. Böyük ehtimalla, Gürcüstan vətəndaşları da Aİ-yə vizasız səfər imkanını itirə bilər.”
Brayza Gürcüstan hakimiyyətinin anti-Qərb ritorikasını da sərt şəkildə tənqid edib:
“Gürcü liderləri deyirlər ki, ‘amerikalılar və avropalılar yeni cəbhə açmaq və Gürcüstanı müharibəyə cəlb etmək istəyirlər’. Bu, o qədər aydın yalandır və anti-Qərb təbliğatının bir hissəsidir ki, göstərir: hökumət Moskvanın marionetidir. Belə hökumətə heç kim güvənmir, heç kim sərmayə qoymaz.”
Sonda o vurğulayıb:
“Gürcüstan enişə doğru gedir. Bu, çox sevdiyim ölkədir və bunu demək mənim üçün çətindir. Amma gürcülərin əldə etdiyi bir çox nailiyyət məhv edilir. Onları bərpa etmək çətin olacaq, amma məhv etmək çox asandır.”


