21 
Iyl
2025
14:58
214

“Batumelebi”nin hesablarına həbs qoyuldu

Gürcüstanın Gəlirlər Xidməti "Batumelebi" nəşrinin bank hesablarına həbs (inkaso) qoyub.

InterPress.ge xəbər verir ki, bu barədə nəşrin yaydığı məlumatda bildirilib.

Rəsmi səbəb kimi 47 min lari məbləğində maliyyə borcu göstərilsə də, redaksiya hesab edir ki, bu addım jurnalist Mzia Amaghlobeli üzərində siyasi təzyiq göstərmək məqsədi daşıyır.

“Batumelebi”nin açıqlamasına görə, iyulun 1-də onlara Gəlirlər Xidmətindən zəng edilib və bildirilib ki, beş gün ərzində borc ödənilməsə, hesablarına həbs qoyulacaq, sonra isə əmlakları müsadirə olunacaq. Bu, redaksiyanın texniki avadanlıqları və ofisinə aiddir.

Redaksiyanın bildirdiyinə görə, əvvəllər ümumi borc 136 min lari təşkil edirdi və əsas məbləğin böyük hissəsi artıq ödənilib. Hazırda isə qalan borc 47 min laridir. Bundan əlavə, əlavə olaraq 126 min lari cərimə faizi və 109 min lari cərimə də hesablanıb. “Batumelebi” aylıq ödənişlər edərək borcun tədricən bağlanmasını təmin etməyə çalışırdı. Lakin inkaso xəbərdarlığından sonra onların ödəmə cədvəli tələbi rədd olunub və iyulun 17-də hesablarına rəsmi şəkildə həbs qoyulub.

Redaksiyanın məlumatına görə, bu proses Mzia Amaghlobeli ilə bağlı 21 iyulda keçiriləcək məhkəmə iclası ərəfəsində baş verib və məqsəd onun təzyiq altında susdurulması və gələcəkdə “Batumelebi” kimi müstəqil medianın məhv edilməsidir.

Redaksiya həmçinin dövlət qurumlarının seçici münasibət göstərdiyini qeyd edir və bunun sübutu kimi digər media qurumlarının daha böyük borclarını göstərir:

“Gəlirlər Xidmətinin 21 may 2025-ci il tarixli rəsmi məlumatına görə, ‘İmedi’ telekanalının büdcəyə borcu 17 milyon laridir, ‘Rustavi 2’nin isə 25 milyon.

Maliyyə Nazirliyinin məqsədi medianı boğmaq yox, hər bir biznesin inkişafına dəstək olmaq və bu yolla büdcəyə gəlir toplamaq olmalıdır.Bizim fikrimizcə, söz azadlığı demokratik dövlətin əsas dayağıdır və onun boğulması dövlətçiliyin ləğvi ilə eyniləşdirilə bilər."- "Batumelebi" bildirib.

Bizimlə əlaqə saxlayın