
Giorgi Baramidze: “Seçki istəyirik, amma xüsusi əməliyyatda iştirak və xəyanətkar rejimi legitimləşdirmək istəmirik”
“Vahid Milli Hərəkat” partiyasının siyasi katibi Giorgi Baramidze müxalifətin yerli özünüidarəetmə seçkilərində iştirakdan imtina ilə bağlı səkkiz partiyanın birgə bəyanatını şərh edib.
O bildirib ki, belə bir “xüsusi əməliyyatda” iştirak etmək xəyanət olar.
“Mən dünən “Vahid Milli Hərəkat” və Gürcüstanda fəaliyyət göstərən digər Qərbyönlü partiyaların yaydığı birgə bəyanata qayıtmaq istəyirəm. Orada çox dəqiq yazılıb ki, biz yerli özünüidarəetmə seçkilərində iştirak etməyəcəyik. Bununla bağlı xüsusi vurğulamaq istəyirəm ki, biz seçki istəyirik və yeni parlament seçkilərinin keçirilməsini tələb edirik. Bu normaldır.
Amma seçki istəmək o demək deyil ki, rusiyapərəst, kriminal və xəyanətkar rejimin təşkil etdiyi xüsusi əməliyyatda iştirak edəsən, sadəcə ona görə ki, rejim buna “seçki” adını verir.
Belə bir xüsusi əməliyyatda iştirak etmək yalnız xəyanət olar – həm bu müddət ərzində, yeddi aydan çoxdur ki, 2024-cü ilin seçkilərinin saxtalaşdırılmasına, milli maraqların satılmasına, Konstitusiyanın pozulmasına, NATO və Avropa İttifaqına üzvlükdən imtina edilməsinə etiraz edən vətəndaşların mübarizəsinə xəyanət.
Bu səbəbdən çox dəqiq xətt çəkməliyik – nədir seçki və nədir xüsusi əməliyyat. Seçki istəyirik, amma xüsusi əməliyyatda iştirak və rejimə, hətta cüzi də olsa, legitimlik vermək istəmirik,” – deyə Giorgi Baramidze bildirib.
Qeyd edək ki, səkkiz müxalif partiya – “Azadlıq Meydanı”, “Droa”, “Girçi – Daha çox Azadlıq”, “Vahid Milli Hərəkat”, “Strategiya Aqmaşenebeli”, “Avropalı Gürcüstan”, “Axali” və “Federalistlər” – birgə bəyanat yayaraq yerli seçkilərdə iştirakdan imtina etdiklərini açıqlayıblar.
Birgə bəyanatdan sonra parlament qarşısında aclıq aksiyası keçirən Elene Xoştaria və Kedevan Popxadze də etirazın bu ən kəskin formasını dayandırdıqlarını bildiriblər.