
Kaxa Kaladze: “Biz heç kimə düşmən deyilik, sadəcə ölkəmizin maraqlarını qoruyuruq”
Gürcüstan heç bir ölkəyə qarşı düşmənçilik etməyəcək və yalnız öz maraqlarını qorumağa çalışır.
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” Partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze Böyük Britaniyanın Xarici İşlər Nazirliyində Gürcüstanın müvəqqəti işlər vəkilinin çağırılması ilə bağlı sualları cavablandırarkən bildirib.
Kaladzenin sözlərinə görə, Gürcüstan hökuməti özünü Böyük Britaniyanın və Avropa İttifaqının tərəfindən yönələn ədalətsizlikdən müdafiə edir.
“Biz heç kimə düşmən deyilik. Necə düşünmək olar ki, Gürcüstan Böyük Britaniyaya, Avropaya və ya ABŞ-a qarşı mübarizə aparsın? Bu absurddur, mümkün deyil. Əksinə, biz özümüzü müdafiə edirik o ədalətsizlikdən, o cümlədən Britaniyadan və Avropa İttifaqından gələn ədalətsizlikdən.
Böyük Britaniya bu günə qədər açıq şəkildə göstərməyib ki, son illərdə kimləri və hansı təşkilatları maliyyələşdirirdi. Niyə gizlədirsiniz? Əgər dürüstsünüzsə, təqdim edin, açıqlayın və göstərib deyin kimləri maliyyələşdirirdiniz. Amma problem ondadır ki, son illərdə Gürcüstanda baş verənlər – inqilab cəhdləri, dövlət çevrilişi planları, cəmiyyətin parçalanması və qarşıdurma – bunların hamısı xaricdən maliyyələşdirilirdi.
Hər kəsin öz maraqları vardı. İstəyirdilər ki, Gürcüstanın patriota hökuməti devrilsin, xalqın seçdiyi hökumət yıxılsın. Amma alınmadı. Gürcü xalqı hər şeyi görür və qiymətləndirir,” – deyə Kaladze bildirib.
Jurnalistlərin “Siz sanksiyalardan qorxursunuzmu?” sualına cavab verən Kaladze əlavə edib:
“Sanksiyalar köhnəlib artıq. Heç kim bu sanksiyalarla bizi qorxuda bilməz.”