30 
Iyn
2025
22:26
243

8 müxalifət partiyası yerli seçkilərdə iştirakdan imtina etdiklərini açıqladı

Gürcüstanda səkkiz müxalifət partiyası birgə bəyanat yayaraq, qarşıdan gələn yerli özünüidarəetmə seçkilərində iştirak etməyəcəklərini bəyan edib.

InterPress.ge xəbər verir ki, bəyanat parlament qarşısında “Dəyişikliklər Koalisiyası”nın lideri Elene Xoştaria tərəfindən oxunub.

Birgə bəyanata qoşulan partiyalar bunlardır: “Tavisuplebis Moedani”, “Droa”, “Girçi – Meti Tavisupleba” (Girçi – Daha çox Azadlıq), “Vahid Milli Hərəkat”, “Strategia Agmaşenebeli”, “Avropa Gürcüstanı”, “Axali”, “Federalistlər”.

Birgə bəyanatda vurğulanır ki, mövcud şəraitdə seçki prosesində iştirak vətəndaşların maraqlarına xidmət etməyəcək və yalnız “qeyri-qanuni rus rejiminə legitimlik pərdəsi yaradacaq”.

Partiyalar bildirirlər ki, qələbənin yolu “rejimlə tam əməkdaşlıqdan imtinadan keçir” və onlar Gürcüstan vətəndaşları ilə birlikdə ümumxalq müqavimətini davam etdirəcəklər.

Bəyanatda deyilir:

“Biz, Gürcüstanın Avropa yönlü siyasi partiya və qrupları – məqsədimiz İvanişvilinin rus rejiminin tam sökülməsi, Gürcüstanın müstəqilliyinin və suverenliyinin qorunması, Avropa tipli demokratik idarəetmənin möhkəmləndirilməsi, vətəndaşlarımız üçün təhlükəsiz mühitin və ləyaqətli yaşam imkanlarının yaradılması, ölkəmizin Avropa İttifaqı və NATO-ya inteqrasiyasıdır – birgə bəyan edirik:

Mövcud reallıqda yerli özünüidarəetmə seçkilərində iştirakdan imtina edirik, çünki hesab edirik ki, bu proses vətəndaşlarımızın maraqlarına xidmət etməyəcək və yalnız qeyri-qanuni rus rejiminə legitimlik qazandıracaq;

Birgə fəaliyyətin vacibliyini dərk edirik və bəyan edirik ki, prinsipial və barışmaz mübarizə ilə və zəhmətlə qeyri-demokratik, oliqarxik sistemin sonunu mümkün qədər tezləşdirəcəyik.

Əminik ki, qələbənin yolu rejimlə tam əməkdaşlıqdan imtinadan keçir. Gürcüstan vətəndaşları ilə birlikdə ümumxalq müqavimətini davam etdiririk. Sonadək!”

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər