
Azərbaycanlılara qarşı Rusiyada etnik zorakılıq dalğası: Rəsmi Bakıdan sərt reaksiya
İyunun 27-də Rusiyanın Yekaterinburq şəhərində Daxili İşlər Nazirliyinin regional Baş İdarəsi və Rusiya Qvardiyasının Xüsusi Çevik Hücum Dəstəsi (SOBR) tərəfindən birgə keçirilən əməliyyat zamanı Azərbaycanın Ağdam rayonundan olan Ziyəddin və Hüseyn Səfərov qardaşları qətlə yetirilib.
InterPress.ge-nin xarici mətbuata istinadən məlumatına görə, SOBR əməkdaşları Səfərovlar ailəsinin yaşadığı müxtəlif ünvanlara eyni vaxtda basqın ediblər. Hücum zamanı qardaşların döyülərək öldürüldüyü bildirilir. Hadisə zamanı ailənin digər üzvləri, o cümlədən qardaşları Bakir Səfərov da daxil olmaqla, azı 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hazırda xəstəxanada müalicə alan Akif, Ayaz, Kamal və Məzahir Səfərovların vəziyyəti ağır qiymətləndirilir.
“525-ci qəzet”in baş redaktor müavini, qardaşların yaxın qohumu Seyfəddin Hüseynli APA-ya bildirib ki, əməliyyat 2001-ci ildə ailəyə məxsus kafedə baş vermiş bir qətl hadisəsi ilə əlaqələndirilir: “İki qardaşımı işgəncə ilə öldürüblər. Heç bir xəbərdarlıq edilmədən evlərə basqın edilib, ailə üzvləri kütləvi şəkildə saxlanılıb”.
Yerli mənbələrin məlumatına görə, əməliyyat zamanı saxlanılan şəxslərin sayı 50-dən çox olub, lakin sonradan onların çoxu sərbəst buraxılıb.
Hadisə Azərbaycanda ciddi narazılıq doğurub. Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayaraq Rusiyaya etirazını bildirib:
“Rusiyada həmyerlilərimizin öldürülməsi, habelə bəzilərinin ağır yaralanması, 9 nəfərin saxlanılması ilə bağlı dərindən narahatlığımızı bildiririk. Rusiyadan məsələnin təxirəsalınmaz araşdırılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin məsuliyyətə cəlb olunmasını gözləyirik”.
Baş verənlərdən sonra Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın dövlət və özəl qurumları ilə nəzərdə tutulan bütün mədəni əməkdaşlıq tədbirlərini dayandırmaq qərarı verib. Nazirliyin yaydığı bəyanatda qeyd olunub ki, etnik mənsubiyyətə görə azərbaycanlılara qarşı “nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri”, eləcə də bu halların son dövrlərdə “sistematik xarakter alması” nəzərə alınaraq belə addım atılıb.
Bundan sonra Rusiyanın iştirakı ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan konsertlər, festivallar, teatr tamaşaları, sərgilər və digər mədəni tədbirlər tamamilə ləğv ediləcək. Nazirlik bu qərarın Rusiyada azərbaycanlılara qarşı artan zorakılıq hallarına cavab olaraq qəbul edildiyini bəyan edib.