Salome Zurabişvili etiraz aksiyasında: “Rejim qalib gələ bilmir – cavabımız yalnız birlikdir”
“Gürcü Arzusu”nu məğlub etməyin yeganə yolu birlikdir."
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili parlament qarşısında keçirilən etiraz aksiyasında çıxış edərək bildirib.
Zurabişvilinin sözlərinə görə, hakim komandada artıq daxili qarşıdurma, etimadsızlıq və fərdi fiqurların kənarlaşdırılması prosesi başlayıb ki, bu da rejimin son mərhələsini göstərir.
“Təbrik edirəm sizi! 7 ay davam edən fasiləsiz etirazı təbrik edirəm. Heç nə edə bilmədilər, nə dağıda bildilər, nə zəiflətdilər. 7 ay davamlı olaraq bu etiraz gedir və guya çox güclü olan rejim, hər gün hədələyən rejim, nə qorxuda bildi, nə də dağıtdı. Bu etiraz üçün siz çox böyük qiymət ödədiniz.
Mən bu gün həbsdə olan gəncləri salamlayıram. Onlar bizə baxırlar və ümid edirlər ki, biz bu gün burda necə birləşmişiksə, elə də bir yerdə olacağıq və onlara qədər, rejim çökənə qədər birliyimizi qoruyacağıq.
İndi siyasi partiyalara və onların liderlərinə hücuma keçiblər, amma bu da heç kəsi qorxutmadı. Onlara da bu gün hamımızın həmrəyliyini çatdıraq!
Rejim qalib gələ bilmir! Bu sizin burda dayanmağınızdan görünür. Bizim cavabımız onların hərəkətlərinə yalnız və yalnız birdir – bu da birlikdir. Başqa cavabımız ola bilməz. Bəziləri istəyir ki, mən daim olmayan plan təqdim edim. Plan birlikdir və sabah da, birigün də birlik olacaq, ta ki, nəticə əldə edənə qədər!
Və nəticə də artıq görünür. Nəticə odur ki, “Gürcü Arzusu” daxilində parçalanma başlayıb – bir-birini yeyirlər, tam etimadsızlıq yaranıb, kimisə kənarlaşdırırlar, korrupsiya məsələsini qaldırırlar ki, başqalarını uzaqlaşdırsınlar. Bu, klassik diktatorluq rejiminin son mərhələsidir və bu sizin qələbənizdir!
“Gürcü Arzusu” beynəlxalq aləmdə tam təcrid olunub. Heç kim onları qəbul etmir və indi Milanda konsulluq açmaq kimi parodiya layihələri ilə guya əlaqələri olduğunu göstərmək istəyirlər. Amma artıq heç bir əlaqə yoxdur!
İndi mənim də nüfuzumu sarsıtmağa çalışırlar. Fərqi yoxdur, bu da alınmayacaq, çünki artıq heç nə alınmayacaq – əgər biz hamımız bir olsaq. Cavab hər şeyə yalnız birlikdir. Birlik qələbədir! Bu rejim üzərində qələbə nə seçkidə iştirakla, nə boykotla, nə aclıq aksiyası ilə, nə də başqa vasitə ilə gələcək. Yeganə mübarizə – birlik mübarizəsidir. Harada birlik var, mən də ordayam! Mənim yeganə ambisiyam budur – birliyimizlə bu ölkəni xilas etmək!
Onlar parçalanır, biz isə güclənirik. Sağ olun sizə!” – deyə Salome Zurabişvili bildirib.


