28 
Iyn
2025
12:23
316

Viktor Kipiani: “Gürcü Arzusu” öz addımları ilə özünü çox çətin vəziyyətə sala bilər

“GeoCase” təşkilatının sədri Viktor Kipiani “PalitraNews” telekanalının “360 dərəcə” verilişində “Gürcü Arzusu” partiyasının siyasətini və ölkədəki etiraz aksiyalarını şərh edib.

Onun sözlərinə görə, hakim partiyanın öz hərəkətləri ilə ölkədə etiraz dalğasını alovlandırmaq kimi “unikal bacarığı” var və bununla özünü çox ağır vəziyyətə sala bilər:

“Məni təəccübləndirən odur ki, “Gürcü Arzusu”nun həmişə belə bir unikal istedadı olub – öz səhvi ilə, öz əli ilə etiraz gündəmi yaradır. Elene Xoştarianın “çevriliş” çağırışını parafraz etsək – çevriliş haqda danışmaq çətindir, amma “Gürcü Arzusu” öz hərəkətləri ilə özünü çox ağır vəziyyətə sala bilər. O vəziyyətə ki, bura ölkəni də sala bilərlər və həmin vəziyyətdə heç kim qalib gəlməyəcək – hamımız birlikdə uduzacağıq.”

Viktor Kipiani müxalifətin seçkilərdə iştirakını dəstəklədiyini də vurğulayıb, amma bunun üçün vacib şərtlər olduğunu qeyd edib:

“Gürcü Arzusu” müəyyən mənada həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə bir immunitet formalaşdırıb. Rustavelidə keçirilən son aksiyalar buna nümunədir – artıq iştirakçıların sayı kəskin azalıb və təxminən yüz nəfər küçəni bağlayır. Hakimiyyət də çox ağıllı metod seçdi – etirazın zəifləməsinə şərait yaratdı. Etiraz heç yerə yox olmayıb, amma əvvəlki təsirini itirib.

Seçkilərə gəlincə, kimin namizəd olacağından və partiyaların necə razılığa gələcəyindən asılı olmayaraq, mən hesab edirəm ki, seçkilərdə iştirak haqda ciddi düşünmək lazımdır. İndi buna təkan verə biləcək əsas amillərdən biri bələdiyyə seçkiləri ola bilər, amma bunun üçün şərtlər var: etirazçı seçicini motivasiya etmək lazımdır, bunun üçün çox ciddi iş aparılmalıdır. Həmçinin, bələdiyyə seçkilərində vahid namizədlərlə və vahid siyahılarla çıxış etmək vacibdir. Bu şərtlər olmasa, seçkilərə qatılmağın mənası olmaz.”

Kipiani əlavə edib ki, hakimiyyət belə vəziyyətə əvvəlcədən hazır olub və Qərbin təzyiqindən öz siyasi məqsədləri üçün istifadə edir:

“Mənim hissim belədir və bu, sadəcə hiss deyil – müəyyən faktlara əsaslanaraq bunu deyirəm: “Gürcü Arzusu”nun liderləri bu ssenariyə əvvəlcədən hazır idilər. Onlar bilirdilər ki, ölkə Qərbdən təzyiq və təcridə məruz qalacaq və bunu bilərəkdən edirdilər. Üstəlik, təzyiq artdıqca bu, “Gürcü Arzusu”na və ona bağlı təsir qruplarına sərf edir – onların dezinformasiya və təbliğatını gücləndirir və siyasi-geopolitik məqsədlərinə çatmasına kömək edir.

Avropa İttifaqı çox özünəməxsus qurumdur – onun müəyyən imkan həddi var və bu həddən o tərəfə gedə bilmir. Mənə elə gəlir ki, o həddə artıq çatıb,” – deyə Viktor Kipiani bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər