
Məmuka Mdinaradze: “Korrupsiyaya qarşı barışmaz olacağıq – heç kimin əli büdcəyə uzanmamalıdır”
Hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi və parlament çoxluğunun lideri Mamuka Mdinaradze iqtisadiyyat nazirinin sabiq müavini Romeo Mikiautadzenin həbsi ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, korrupsiya ilə mübarizədə dövlət prinsipial və barışmaz mövqe tutacaq.
“Bizim ambisiyamız var ki, yaxın zamanda dünyada korrupsiyaya qarşı mübarizə indeksinə görə ilk üçlüyə daxil olaq. Əgər hansısa dövlət məmuru – istər bizim komanda üzvü olsun, istərsə də başqası – qanunu pozarsa, buna qarşı sərt və qəti tədbirlər görüləcək. Bu, komandanın – həm icra, həm də qanunverici hakimiyyətin – vahid mövqeyidir. Əminəm ki, məhkəmə də bu məsələdə qanun çərçivəsində öz müsbət töhfəsini verəcək,” – deyə Mdinaradze bildirib.
O, korrupsiyanın hər bir vətəndaşa zərər verdiyini və ölkəni geriyə apardığını qeyd edib:
“Bütün məsuliyyətimlə bildirirəm – hamını xəbərdar edirəm: heç kim büdcəyə əl uzatmasın. Əgər kimsə buna cəhd etsə, dövlət buna dözməyəcək. Çünki korrupsiya hər bir vətəndaşın həyatına mənfi təsir edir və ölkənin inkişafını ləngidir.”
Xatırlatma:
Baş Prokurorluğun məlumatına görə, iqtisadiyyat nazirinin sabiq birinci müavini Romeo Mikiautadze vəzifə səlahiyyətlərini sistematik şəkildə sui-istifadə edərək, ona bağlı şəxslərlə birgə 2 556 192 lari məbləğində qanunsuz gəlirin leqallaşdırılmasında ittiham olunur. O, 20 iyun tarixində saxlanılıb. Cinayət işi Cinayət Məcəlləsinin 332-ci maddəsinin 2-ci bəndi və 194-cü maddənin 3-cü bəndinin “g” altbəndi ilə irəli sürülüb. Bu maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.