
Mamuka Xazaradze və Badri Japaridze həbs olundu
“Lelo – Güclü Gürcüstan Uğrunda” partiyasının liderləri Mamuka Xazaradze və Badri Japaridze hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. O
InterPress.ge xəbər verir ki, onlara qandal partiyanın ofisi qarşısında taxılıb.
Həbs zamanı ərazidə toplaşan dəstəkçilər və siyasətçilər “Oliqarxiyaya od vurun”, “Hər yerdə polis, heç yerdə ədalət”, “Qullar!” kimi şüarlar səsləndiriblər. Hadisə yerinə Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili də gəlib.
Saxlanılan müxalifət liderlərinin Rustavidəki 12 saylı penitensiar müəssisəyə aparılacağı gözlənilir.
Xatırladaq ki, Mamuka Xazaradze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına getmədiyinə görə Tbilisi Şəhər Məhkəməsi tərəfindən təqsirli bilinib. Hakim Zviad Şaradzenin qərarı ilə ona 8 ay azadlıqdan məhrumetmə cəzası verilib və 2 il müddətinə dövlət vəzifəsi tutmaq qadağan olunub.
Eyni cəza Badri Japaridzeyə də tətbiq edilib. Hər iki siyasətçi hökmün elan olunduğu məhkəmə iclasında iştirak etməyib.