23 
Iyn
2025
16:29
207

Giya Volski: “Qanunun tələblərinə əməl olunmalıdır, burada ‘Gürcü Arzusu’nun rolu yoxdur”

Gürcüstan Parlamentinin birinci vitse-spikeri Giya Volski müxalif siyasətçilər – Zurab Japaridze və Mamuka Xazaradzeyə müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirmədiklərinə görə həbs cəzası verilməsinə münasibət bildirib.

Onun sözlərinə görə, bu, siyasi təqib deyil, qanunun tələblərinin icrasıdır və bu baxımdan “Gürcü Arzusu” partiyasının heç bir rolu yoxdur.

“Kana qarşı çıxmaq olmaz. Avropa ölkələrinin əksəriyyətində komissiya çağırışına getməmək ciddi məsuliyyət doğurur. ABŞ-da isə bu cür hallara qarşı daha sərt tədbirlər görülür. Qanunun tələbini yerinə yetirməyə siyasi təqib demək qeyri-adidir. ‘Gürcü Arzusu’ iqtidarda olmasa da, istənilən ölkədə hüquq-mühafizə və məhkəmə strukturları mövcud qanunlara əsasən hərəkət etməyə borcludur. Bu qanun bizim dövrümüzdə də qəbul edilməmişdi,” – deyə Volski qeyd edib.

O bildirib ki, parlamentin istintaq komissiyasında cavablandırılması vacib olan ciddi suallar var: “Söhbət hakimiyyətin necə idarə olunmasından, ərazilərin 20%-nin necə itirilməsindən, xalqın necə soyulmasından və vətəndaşların həyat və sağlamlıqlarına zərər yetirilməsindən gedir. Amma bəzi şəxslər komissiyaya gəlməkdən imtina edirlər ki, bu suallardan yayınsınlar. Hüququn tələbi isə onun həyata keçirilməsidir və bu prosesdə ‘Gürcü Arzusu’ iştirak etmir,” – deyə o əlavə edib.

Xatırladaq ki, “Lelo Güclü Gürcüstan Uğrunda” partiyasının lideri Mamuka Xazaradze və “Dəyişiklər Uğrunda Koalisiya”nın üzvü Zurab Japaridze Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının çağırışına getmədiklərinə görə müvafiq olaraq 8 və 7 ay müddətinə azadlıqdan məhrum ediliblər. Hər iki siyasətçiyə əlavə olaraq 2 il müddətinə dövlət vəzifəsi tutmaq qadağası tətbiq edilib. Bugünkü məhkəmə prosesində Badri Japaridzenin işi üzrə də hökm elan olunacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın