19 
Iyn
2025
00:31
278

Avropa Parlamentində Malqojata Goşevska: “Gürcüstanda demokratiyanın işığı sönür – bu ölkə Moskvanın peykinə çevrilib”

Avropa Parlamentinin üzvü Malqojata Goşevska Gürcüstanda medianın və demokratiyanın vəziyyəti ilə bağlı keçirilən debatda bildirib ki, ölkədə “demokratiyanın işığı sönməkdədir” və Gürcüstan Moskvanın təsir dairəsinə düşüb.

Onun sözlərinə görə, hakim “Gürcü Arzusu” partiyası demokratik etirazları qəddarcasına yatırır və azad mətbuata qarşı açıq müharibə aparır:

“Gürcü Arzusunun hakimiyyəti altında olan hökumət pro-demokratik etirazları qəddarlıqla yatırır və azad mətbuata qarşı açıq müharibə aparır. Mzia Amaglobeli – hörmətli jurnalist yalnız ona görə həbs olunub ki, etiraz etməyə cəsarət göstərdi”.

Goşevska həmçinin keçmiş prezident Mixeil Saakaşvilinin siyasi məhbus olduğunu xatırladıb və vurğulayıb ki, Gürcüstanın Avropa İttifaqı və NATO yolundan uzaqlaşdırılması Moskvanın maraqlarına xidmət edir:

“Azadlıq həyatdan da qiymətlidir – artıq dörd ildir ki, keçmiş prezident Mixeil Saakaşvili İvanişvilinin rejiminin siyasi məhbusudur. ‘Gürcü Arzusu’ – pərdəarxasından idarə olunan bu partiya ölkənin Avropa yolunu yarıda kəsdi. Gürcüstan indi Moskvanın peykinə çevrilib”.

Avropalı deputat bildirib ki, Gürcüstan xalqı demokratiya, söz azadlığı və normal həyat uğrunda mübarizə aparır və beynəlxalq ictimaiyyət bu prosesi sadəcə seyr etməməlidir:

“Biz kənarda dayana bilmərik. Diktaturaya dəstək vermək, diktatura qarşısında boyun əymək cinayətdir. Səssizlik və sadəcə seyrçi olmaq – bu da cinayətdir”.

Qeyd edək ki, Avropa Parlamentində keçirilən debatda Gürcüstanda media azadlığı və jurnalist Mzia Amaglobelinin həbsi müzakirə olunub. Deputatlar Gürcüstanda demokratik institutların vəziyyətindən dərin narahatlıq ifadə edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər