Kaxa Kaladze: “Siyasətçi olmaq qanunu pozmağa haqq vermir”
"Gürcü Arzusu"nun baş katibi və Tbilisi meri Kaxa Kaladze “Dəyişiklik uğrunda koalisiya”nın lideri Nika Qvaramianın işi ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bəzi siyasətçilərin qanunu pozduğunu görmək artıq ilk hal deyil və bu, məqsədyönlü şəkildə baş verir.
Kaladze vurğulayıb ki, siyasətçi olmaq qanun pozuntularını ört-basdır etmək üçün səbəb ola bilməz:
“Bu ilk hal deyil ki, bəzi siyasətçilərin qanunu pozduğunu görürük. Bu hallar məqsədyönlü şəkildə baş verir. Lakin qanunu pozduqda, siyasətçi statusu bu hərəkətləri ört-basdır etmək üçün qalxan ola bilməz. Hakimiyyət qanun çərçivəsində hərəkət edəcək və müvafiq addımlar atacaq”, – deyə Kaladze bildirib.
Qeyd edək ki, Nika Qvaramia barəsində tətbiq olunmuş 30 000 lari girov məbləği həbs tədbiri ilə əvəz olunub. O, Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasına ifadə verməyə çağırılsa da, iclasa qatılmayıb. Buna görə ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə (Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək) ittiham irəli sürülüb. Bu maddə cərimə, bir ilədək azadlıqdan məhrumetmə və ya üç ilədək vəzifə və fəaliyyət hüququndan məhrumetmə cəzasını nəzərdə tutur.
Qvaramiyaya girovu ödəmək üçün verilmiş 50 günlük müddət isə 7 iyun tarixində başa çatıb.


