Nika Qvaramia həbs olunub – girovu ödəmədiyi üçün həbs qərarı verildi
“Dəyişiklik uğrunda koalisiya”nın lideri Nika Qvaramia Rustavi 12-ci Penitensiar Müəssisəsinə özü gəlib və həbs olunub.
InterPress.ge xəbər verir ki, Tbilisi Şəhər Məhkəməsində keçirilən bugünkü iclasda Qvaramia iştirak etməyib. Prokurorluq onun haqqında əvvəl təyin olunmuş 30 min lari girovun həbs tədbiri ilə əvəz olunmasını tələb edib. Hakim prokurorluğun vəsatətini təmin edib və Qvaramia barəsində girov həbs tədbiri ilə əvəz olunub.
Qeyd edək ki, Qvaramia qanunla müəyyən olunmuş müddət ərzində ona təyin olunan girovu ödəməyib. Ona girovun ödənilməsi üçün 50 günlük müddət verilmişdi və bu müddət 7 iyun tarixində başa çatıb.
Nika Qvaramia Gürcüstan Parlamentinin müvəqqəti istintaq komissiyasının iclasına ifadə verməyə çağırılmışdı, lakin o, iclasa qatılmayıb. Bu səbəbdən ona qarşı Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə (Parlamentin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək) ittiham irəli sürülüb. Bu maddə cərimə, bir ilədək azadlıqdan məhrumetmə və ya üç ilədək vəzifə və fəaliyyət hüququndan məhrumetmə cəzasını nəzərdə tutur.


