
Güclü dolu məhsulları məhv edib
Telavi bələdiyyəsinin Akura kəndində güclü dolu təxminən yarım saat davam edib və nəticədə üzüm bağlarının 90%-ə qədəri tamamilə məhv olub.
InterPress.ge xəbər verir ki, ilkin məlumata görə, qalan məhsul da satış üçün yararsız vəziyyətdədir.
Dolu onlarla kəndlini yeganə gəlir mənbəyindən məhrum edib. Yerli sakinlər bildirirlər ki, üzüm bağlarını salmaq üçün götürdükləri bank kreditlərini necə ödəyəcəklərini belə bilmirlər.
Ziyan təkcə məhsula deyil, həm də üzümlərin budaqlarına dəyib. Bu isə o deməkdir ki, zərər görmüş bağlar gələn iki il ərzində ya heç məhsul verməyəcək, ya da çox az miqdarda üzüm əldə olunacaq. Onsuz da üzümlərini ucuz qiymətə təhvil verən kəndlilər indi tamamilə məhsulsuz qalıblar. Onlar hətta şəxsi istifadə üçün üzümü başqasından almağa məcbur qalacaqlarını deyirlər.
Təkcə üzüm bağları deyil, həm də meyvə bağları tamamilə məhv olub. Sakinlər qarşıdan gələn qışın ağır keçəcəyindən ehtiyat edirlər. Kəndlilər kompensasiya tələb etsələr də, indiyədək nə sığorta şirkətlərindən, nə də yerli hakimiyyətdən heç bir nümayəndə əraziyə gəlməyib və dəyən ziyan qeydə alınmayıb.