06 
Iyn
2025
12:33
208

Kaxa Kaladze: 2008-ci ildə ərazilərin itirilməsinə səbəb olan hər kəs məsuliyyətə cəlb olunmalıdır

"2008-ci ildə Gürcüstanın ərazi itkilərində məsuliyyəti olan hər bir şəxs cavabdehlik daşımalıdır."

ƏnterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze söyləyib.

O, BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərinə dair qəbul etdiyi son qətnaməyə münasibət bildirərkən vurğulayıb ki, 2008-ci il avqust müharibəsi ilə bağlı cəmiyyətdə hələ də cavabsız suallar var.

“2008-ci il müharibəsi ilə bağlı müvafiq araşdırma aparılmalıdır, çünki cəmiyyətdə çoxlu suallar var: nə baş verdi və bu nəticə kimin maraqlarına xidmət edirdi? Müharibənin nəticəsi – itirilmiş ərazilər, dağıdılmış infrastruktur, həlak olan mülki şəxslər və qəhrəman əsgərlər oldu. Bu gün ərazilərimizin böyük hissəsi hələ də işğal altındadır. Kim bu faciəyə siyasi qərarları ilə yol açıbsa, o, kim olur-olsun, məsuliyyətə cəlb olunmalıdır. Bu məsələlərə adekvat reaksiya verilməlidir", – deyə Kaladze bildirib.

Kaladze həmçinin qeyd edib ki, “Vahid Milli Hərəkat” Partiyası və sabiq prezident Mixeil Saakaşvili "ölkəni zərərə uğratmış cinayətkar qrup" olub:

“Vahid Milli Hərəkat və Saakaşvili cinayətkar siyasi qrup idi. Onlar elə addımlar atdılar ki, nəticədə ölkə zərər gördü, çoxlu sayda insan – həm mülki vətəndaşlar, həm də əsgərlər – həlak oldu, torpaqlar itirildi.”

Kaladze əlavə edib ki, hazırkı hakimiyyətin “praqmatik siyasəti” nəticəsində Gürcüstanda sülh qorunub saxlanılıb:

“Biz siyasətdə ona görə varıq ki, ölkəni təhlükədən qoruyaq. Bir il öncə bizə ikinci cəbhənin açılması üçün təzyiqlər edilirdi, lakin biz prinsiplərimizdən dönmədik. Əgər o vaxt səhv etsəydik, bu gün nə vəziyyətdə olardıq? Mühüm infrastruktur layihələri haqqında danışa bilərdikmi? Gerçəkliyə düzgün baxmaq lazımdır.”

O, həmçinin bildirib ki, Gürcüstanın əsas prioriteti ərazi bütövlüyünün bərpası və hazırda Rusiya tərəfindən işğal olunan ərazilərin geri qaytarılmasıdır.

Bizimlə əlaqə saxlayın