Rasa Yukneviçiene: “Avropa İttifaqı ölkələri “Gürcü Arzusu” rejimini tanımamaqla bağlı vahid mövqe sərgiləməlidirlər”
"Aİ-yə üzv dövlətlərin mövqeyi fərqlidir və bu, faydalı deyil."
InterPress.ge xəbər verir ki, bu barədə Avropa Parlamentinin üzvü Rasa Yukneviçiene Avropa Parlamentində Gürcüstanın vətəndaş cəmiyyəti nümayəndələri ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Bu hesabatda və əvvəlki qətnamələrimizdə çağırış edirdik və hələ də çağırırıq ki, birgə mövqeyimiz olsun – bu rejimi tanımamalıyıq. Çünki saxtalaşdırılmış seçkilər keçirilmişdi, çünki hökumət öz xalqına qarşı qeyri-proporsional güc tətbiq edir və bunu bu gün də davam etdirir, çünki jurnalistlər, siyasi liderlər həbs olunurlar və qorxuram ki, yaxın gələcəkdə daha çox adam həbs ediləcək. Bəzi ölkələrin bu rejimi birbaşa və ya dolayı yolla tanıması düzgün yanaşma deyil. Əvəzində biz birlik nümayiş etdirməliyik və ədalətli, yeni seçkilər tələb etməliyik. Bu cür siyasətlə nəyisə səhv etdiyimizi düşünürəm”, – deyə o qeyd edib.
Yukneviçienenin sözlərinə görə, əgər Aİ üzvü ölkələr Gürcüstan üçün avropayönlü gələcək istəyirlərsə, hökumətə qarşı tamam fərqli yanaşma müəyyənləşdirilməlidir.
“Bu, mənə Putinlə münasibətlərdə uğursuz siyasəti xatırladır. Çünki illər boyu deyirdik ki, onun hökuməti ilə işləməliyik, dialoq qurmalıyıq, nəticə isə dəhşətlidir. Eyni şeyi “Gürcü Arzusu” ilə bağlı da görürəm. Bu cür əlaqə və əməkdaşlıq siyasəti iflasa uğradı və biz də iflasa uğrayırıq. Mənim mövqeyim çox aydındır: əgər Gürcüstanın avropapərəst gələcəyini istəyiriksə, əgər istəyiriksə Rusiya, Çin, İran və digər ölkələr Cənubi Qafqazı ələ keçirməsin, onda rejimə – prorus rejimə qarşı tamamilə fərqli yanaşma hazırlamalıyıq”, – deyə Avropa Parlamentinin deputatı bildirib.


