İrakli Qaribaşvili: “Gürcü Arzusu” artıq güclü və vahid siyasi qüvvəyə çevrilib
"Partiya bu gün tam formalaşmış vahid və güclü siyasi qüvvəyə çevrilib."
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu”nun sabiq sədri İrakli Qaribaşvili partiya ofisində keçirdiyi brifinqdə bildirib.
“Dəfələrlə demişəm: heç bir vəzifə əbədi deyil və mənim üçün heç bir vəzifə məqsəd olmayıb. Vəzifələr mənim üçün hər zaman Vətənimə və xalqıma xidmət imkanı olub. Bu, belə idi 2015-ci ilin sonunda baş nazir vəzifəsini tərk etdiyim zaman, belə idi 2019-cu ildə siyasətə qayıdanda və ‘Gürcü Arzusu’ komandası ilə birgə işi davam etdirəndə, belə idi ötən il ikinci dəfə baş nazir postundan gedəndə və bu gün də belədir – siyasətdən ikinci dəfə ayrılıram,” – deyə Qaribaşvili bildirib.
Onun sözlərinə görə, “Gürcü Arzusu”nun bu səviyyəyə çatmasında partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişvilinin xüsusi rolu olub.
“Bidzina İvanişvilinin liderliyi ilə ‘Gürcü Arzusu’ ölkəni və xalqı böyük təhlükələrdən xilas etdi, ölkəni inkişaf yoluna çıxardı və hər sahədə gözəçarpacaq tərəqqi təmin etdi. Mənə partiya qurucusunun və komandanın etimadı ilə müdafiə naziri, ikinci dəfə baş nazir və partiya sədri olmaq şərəfi nəsib oldu və hesab edirəm ki, üzərimə düşən missiyanı yerinə yetirdim,” – deyə Qaribaşvili qeyd edib.
O vurğulayıb ki, artıq partiya sədri və siyasətçi olaraq qalmağa ehtiyac görmür və ölkəsinə başqa bir mövqedən xidmətini davam etdirəcək.
“2012-ci il 1 oktyabr qələbəsinin və əsas dəyərlərin sadiq davamçısıyam. ‘Gürcü Arzusu’ partiyasının gələcək sədrinə və böyük komandamıza uğurlar arzulayıram. Bidzina İvanişviliyə təşəkkür edirəm ki, mənə ölkəyə ən yüksək siyasi vəzifələrdə xidmət etmək imkanı verdi,” – deyə Qaribaşvili bildirib.
O həmçinin vurğulayıb ki, “Gürcü Arzusu” Bidzina İvanişvilinin liderliyi ilə Gürcüstanı təhlükəsizliyə çıxaracaq, milli maraqları qoruyacaq və ölkənin Avropa gələcəyini təmin edəcək.
“İnanıram ki, ‘Gürcü Arzusu’ Avropa gələcəyimizi təmin edəcək, eyni zamanda ərazi bütövlüyümüzün sülh yolu ilə bərpa olunması və sabit inkişaf üçün real şərait yaradacaq,” – deyə İrakli Qaribaşvili əlavə edib.


