
Mamuka Mdinaradze: Vizaliberallaşmanın ləğvi şantaj silahındakı son güllə olacaq
"Bu addım “şantaj silahındakı son güllə” olacaq."
InterPress.ge xəbər verir ki, bu sözləri “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze Avropa İttifaqının Gürcüstana qarşı vizaliberallaşmanı dayandırmaq ehtimalı ilə bağlı “İmedi” televiziyasının efirində sualı cavablandırarkən bildirib.
Jurnalistin “Əgər Aİ siyasi qərar qəbul edərsə və siyasi təzyiq alətindən istifadə edərsə, bu Gürcüstanda insanlar tərəfindən necə qəbul ediləcək – bu bir cəza kimi görünəcək, yoxsa daha sərt reaksiya doğura bilər?” sualına cavab olaraq Mdinaradze bildirib:
“Bu qərar Gürcü cəmiyyəti tərəfindən düzgün şəkildə qəbul olunacaq. İndiyə qədər də bütün hadisələr doğru şəkildə başa düşülüb, bu dəfə də belə olacaq. Mən bu qərarın qəbul olunmasını gözləmirəm. Mən optimist insanam, məni tanıyanlar da bunu belə bilirlər. Niyə az gözlənti var? Çünki bu qərar artıq şantajın son vasitəsidir. Şantajın məntiqi qalmayanda, onu edənlər adətən daha irəli getmirlər. Əgər Aİ üzv ölkələri doğrudan da bu qərara gəlsələr, bu o deməkdir ki, artıq şantaj üçün heç bir alət qalmayıb.”
Mdinaradze əlavə edib ki, əgər Gürcüstan bu təzyiqi də dəf edərsə və öz qərarlarında möhkəm dayanarsa, suverenliyini tam gücləndirərsə, Avropa tərəfinin artıq istifadə edə biləcəyi heç bir təsir vasitəsi qalmayacaq.
“Bundan sonra bizi nəyinlə təhdid edə bilərlər? Axı indi bu məsələ ilə təhdid edirlər. Daha nə edə bilərlər? Atom bombası atacaqlar? Artıq başqa yol qalmayıb. Şantajın mənası yalnız o zaman olur ki, hələ istifadə olunmamış alətlər qalır. Amma bu son kartdır və məncə, onlar bu kartı asanlıqla masaya qoymazlar,” – deyə Mamuka Mdinaradze bildirib.