
Gürcüstanda qanun pozan əcnəbilərin ölkədən çıxarılması və giriş qadağası ilə bağlı dəyişikliklər təklif olunub
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müəyyən inzibati xətaları törətməsi halında onların ölkədən çıxarılması və 3 ilə qədər Gürcüstana girişinin qadağan olunması nəzərdə tutulur.
InterPress.ge xəbər verir ki, qanunvericilik paketi Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən hazırlanıb.
Yeni cəza tədbirləri aşağıdakı hallarda tətbiq edilə bilər:
Xırda xuliqanlıq,
Polis əməkdaşının qanuni tələbinə tabe olmamaq,
Dövlət vəzifəli şəxslərinin sözlə təhqir olunması,
Mitinq və nümayişlərin keçirilməsi qaydalarının pozulması.
Qanun layihəsinə əsasən:
Əcnəbinin Gürcüstanda qalma müddətini 3 aya qədər keçməsi halında 180 lari əvəzinə 1000 lari cərimə və 6 ay müddətinə giriş qadağası tətbiq olunacaq.
1 ilə qədər icazəsiz qalma halında 2000 lari cərimə və 2 il giriş qadağası,
1 ildən artıq qalma halında isə 3000 lari cərimə və 3 il müddətinə giriş qadağası tətbiq ediləcək.
Digər dəyişikliklər:
Gürcüstan ərazisindən tranzit keçid qaydalarının pozulmasına görə cərimə 100 laridən 500 lariyə qədər artırılacaq.
Əcnəbilərin dəvəti və onların xidmətlərindən istifadə zamanı qayda pozuntusuna yol verən hüquqi və ya fiziki şəxslər 100 lari əvəzinə 2000 lari cərimələnəcəklər.
Yeni inzibati tədbirlər “İnzibati Xətalar Məcəlləsi”nə ediləcək dəyişikliklərlə tənzimlənəcək və bu dəyişikliklər hazırda parlamentdə müzakirə mərhələsindədir.