23 
Apr
2025
14:05
238

Dövlət Qrantlarının İdarəetmə Agentliyinə yeni rəhbər təyin olunub

 

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin əmri ilə Dövlət Qrantlarının İdarəetmə Agentliyinin sədri vəzifəsinə Tamar Zodelava təyin olunub.

InterPress.ge xəbər verir ki, bu barədə Hökumət Administrasiyasının yaydığı məlumatda bildirilib.

Məlumata görə, Zodelavanın kompleks layihələrin idarə edilməsində uzunillik təcrübəsi var.

2003-cü ildən etibarən Tamar Zodelava Almaniyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinin (GIZ) komandasının tərkibində müxtəlif layihələr və vəzifələrdə çalışıb. O, həmçinin Avropa Şurasının layihəsində məsləhətçi, eləcə də Şərq Tərəfdaşlığı üzrə İctimai İdarəetmə İslahatlarının Regional Fondunun layihə meneceri olub.

Zodelava Tbilisi Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, alman dilində keçirilən beynəlxalq özəl hüquq üzrə magistr proqramını tamamlayıb. O, həmçinin Bremen Universitetində beynəlxalq iqtisadi hüquq üzrə təhsil alıb və Şpayyer Dövlət İdarəetmə Universitetində də ixtisasartırma keçib.

Qeyd edək ki, parlament bu il fevralın 20-də sürətləndirilmiş qaydada üçüncü oxunuşda yeni qanun layihəsini qəbul edib. Qanunun qüvvəyə minməsi ilə birlikdə Dövlət Qrantlarının İdarəetmə Agentliyi yaradılıb. Bu agentlik hökumətə tabe olan ictimai hüquqi şəxs statusunda qeyri-hökumət təşkilatlarına qrantlar təqdim edəcək.

Hökumətin məlumatına əsasən, 2025-ci ilin dövlət büdcəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi üçün 20 milyon lari nəzərdə tutulub. Bu vəsait həm agentliyin yaradılması və fəaliyyəti, həm də qrant formasında ayrılacaq maliyyənin təmin olunmasına yönəldiləcək. Agentlikdə təxminən on nəfərin çalışacağı gözlənilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər