
Gecə klubunda turistlərə qarşı dələduzluq edən şəxslərə ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğu təşkil olunmuş qrup tərəfindən xarici ölkə vətəndaşlarının böyük məbləğdə vəsaitlərinin dələduzluq yolu ilə ələ keçirilməsinə cəhd faktı üzrə 6 nəfərə ittiham irəli sürüb.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayıb.
İstintaqın müəyyən etdiyinə görə, Tbilisidə yerləşən “Diamond” gecə klubunun sahibi və klubda çalışan şəxslərdən ibarət qrup öncədən hazırlanmış sxem əsasında turistlərə qarşı dələduzluq planı həyata keçiriblər. Onlar kluba daxil olan turistlərdən göstərilən xidmətlərə uyğun olmayan dərəcədə yüksək məbləğdə ödəniş tələb edir, imtina halında isə psixoloji təzyiq göstərirdilər.
Bu üsulla cinayətkar qrup müxtəlif ölkələrdən olan 8 nəfər vətəndaşdan ümumilikdə 33,500 lari məbləğində vəsait əldə etməyə cəhd edib.
Onlara qarşı təşkil olunmuş qrup tərəfindən böyük məbləğdə vəsaitin dələduzluq yolu ilə mənimsənilməsinə cəhd maddəsi ilə ittiham irəli sürülüb. Bu cinayət 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Prokurorluq, təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə müraciət edib.
Gürcüstan Daxili İşlər Nazirliyi cinayət işi üzrə istintaqın davam etdiyini bildirib.