13 
Apr
2025
22:20
270

"Gürcü Arzusu" qrantlara nəzarəti sərtləşdirir: Yeni qaydalar müəyyənləşdi

Gürcüstan Parlamenti gələn həftə hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi qanunvericilik paketini müzakirəyə çıxaracaq.

InterPress.ge xəbər verir ki, qanun qüvvəyə mindikdən sonra beynəlxalq təşkilatlara siyasi partiyalar üçün mühazirə, seminar və digər bu qəbildən olan açıq tədbirlərin təşkili qadağan ediləcək.

Həmin qanun paketinə əsasən, beynəlxalq donorlar hökumətin razılığı olmadan qrant ayıra bilməyəcəklər.

Qanun layihəsi 14 aprel tarixində Parlamentin Hüquq Məsələləri Komitəsinin birinci oxunuşunda müzakirə olunacaq, daha sonra isə plenar iclasa təqdim ediləcək.

Dəyişikliklər “Vətəndaşların siyasi birlikləri haqqında”, “Qrantlar haqqında” və digər əlaqəli qanunlara şamil ediləcək.

“Vətəndaşların siyasi birlikləri haqqında” qanuna təklif olunan dəyişikliklərə əsasən: Beynəlxalq təşkilatlar artıq siyasi partiyalar üçün mühazirə, seminar və digər açıq tədbirlər təşkil edə bilməyəcəklər.

Hazırda qüvvədə olan qanuna görə, siyasi partiyalara aşağıdakı hallarda yardım göstərmək mümkündür:

🔹️Gürcüstan vətəndaşı olmayan fiziki şəxslər və ya Gürcüstanda və xaricdə qeydiyyatdan keçmiş hüquqi şəxslər partiyalara maliyyə yardımı göstərə bilməzlər;

🔹️Bu qadağa beynəlxalq təşkilatlara və siyasi partiyaların institusional inkişafına yönəlmiş, konkret siyasi qüvvəyə dəstək və ya dəstəkdən imtina ilə əlaqəsi olmayan təşkilatlara şamil olunmur.

Yeni qanun layihəsi ilə bu istisna norması ləğv olunur.

Qrantlarla bağlı dəyişikliklərə əsasən:

🔹️Xarici qrantların verilməsi yalnız hökumətin və ya onun səlahiyyət verdiyi şəxsin razılığı ilə mümkün olacaq;

🔹️Razılıq olmadan verilmiş qrantların qəbulu qadağan ediləcək və məsuliyyət doğuracaq;

🔹️Hökumətin qərar verməsi üçün 10 günlük müddət nəzərdə tutulacaq;

🔹️Hökumətin qərarının məhkəmədə mübahisələndirilməsi onun icrasını dayandırmayacaq;

🔹️Qadağan edilmiş qrantların verilməsinə və qəbuluna nəzarəti Antikorrupsiya Bürosu həyata keçirəcək;

🔹️Qadağan edilmiş qrantı qəbul edən şəxslər həmin məbləğin ikiqatı həcmində cərimələnəcəklər.

Qanun layihəsi istisnaları da nəzərdə tutur. Hökumət razılığı tələb olunmayan hallar:

🔹️Beynəlxalq idman assosiasiyaları, federasiyaları və komitələri tərəfindən verilən qrantlar;

🔹️Gürcüstan xaricində orta və ali təhsil almaq və elmi fəaliyyət üçün fərdi təqaüdlər;

🔹️Gürcüstanda fəaliyyət göstərən beynəlxalq təşkilatlar tərəfindən verilən qrantlar.

 

Bizimlə əlaqə saxlayın