Parlament siyasi partiyaların qadağan olunmasına dair qanun layihəsini müzakirəyə çıxarır
Gürcüstan Parlamentində siyasi partiyaların qadağan olunması ilə bağlı qanunvericilik paketinin müzakirəsinə başlanılıb.
InterPress.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” partiyası bu istiqamətdə “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna və “Konstitusiya Məhkəməsi haqqında” qanuna dəyişikliklər təqdim edib. Qanun layihəsi 14 aprel tarixində Hüquq Məsələləri Komitəsinin birinci oxunuşunda müzakirə olunacaq.
Layihəyə əsasən, əgər hər hansı bir partiyanın bəyan olunmuş məqsədləri, fəaliyyətinin mahiyyəti və şəxsi tərkibi Konstitusiya Məhkəməsi tərəfindən artıq qadağan edilmiş bir partiyanın məqsəd və strukturlarını təkrarlayırsa, məhkəmə həmin yeni partiyanı da qadağan edə biləcək.
Eyni zamanda, dəyişikliklər siyasi partiyaların fəaliyyətinin konstitusiyaya uyğunluğuna dair işlərə və həmin partiyanın təqdimatı ilə seçilmiş deputatın mandatının ləğvi ilə bağlı iddialara baxılma müddətinin azaldılmasını da nəzərdə tutur.
Yeni qaydalara görə, belə bir konstitusiya iddiasına Konstitusiya Məhkəməsi maksimum 9 ay ərzində, seçki dövründə isə 14 gün ərzində qərar verməlidir.
Qanunvericiliyə əsasən, Gürcüstanda siyasi partiya yalnız Konstitusiya Məhkəməsinin qərarı ilə qadağan edilə bilər. Hazırda qüvvədə olan “Vətəndaşların siyasi birlikləri haqqında” qanuna əsasən, belə partiyalar aşağıdakı hallarda qadağan oluna bilər:
Konstitusiya quruluşunu devirmək və ya zorla dəyişdirmək məqsədi güdürsə;
Ölkənin müstəqilliyini pozmaq və ya ərazi bütövlüyünü dağıtmaq niyyətindədirsə;
Müharibə və ya zorakılığın təbliği ilə məşğuldursa;
Etnik, regional, dini və ya sosial nifaq salırsa;
Silahlı birləşmələr yaradır və ya yaratmışsa.
Partiyanın fəaliyyəti həmçinin öz təşəbbüsü ilə ləğv (özünü buraxma) və ya yenidən təşkil olunma (reorganizasiya) yolu ilə də dayandırıla bilər. Partiya qadağan olunduqdan və ya ləğv edildikdən sonra onun qalan əmlakı dövlət büdcəsinə keçir.


