
İrakli Kobaxidze: “Qonşu ölkələr Gürcüstan ətrafında baş verənləri çox yaxşı anlayır”
“Qonşu ölkələrimiz Gürcüstan ətrafında bu gün nələrin baş verdiyini çox yaxşı anlayırlar. Buna görə də, həm azərbaycanlı, həm də türk dostlarımızın verdiyi dəstək bəyanatlarını çox yüksək qiymətləndiririk”.
InterPress.ge xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərlə söhbətində səsləndirib.
Kobaxidzenin sözlərinə görə, Ukraynada müharibə başa çatan kimi Gürcüstana qarşı münasibətlər də dərhal dəyişəcək:
“Mən şəxsən cənab İlham Əliyevə də bu gün keçirilən ikitərəfli görüşdə verdiyi dəstək bəyanatlarına görə təşəkkürümü bildirdim. Hadisələri obyektiv şəkildə izləyən və qiymətləndirən hər kəsə aydındır ki, bu gün Gürcüstan ətrafında nələr baş verir.
Həmçinin, hər kəsə məlumdur ki, biz təkcə Gürcüstanda deyil, ətrafımızda da sülhün təminatına yönəlmişik. Gürcüstanın bütövlükdə Cənubi Qafqazda və daha geniş bölgədə sülhün təmin olunmasında necə müsbət rol oynadığını bilirsiniz. Bu, bizim ümumi baxışımızdır – sülhə, inkişafa və rifaha yönəlik siyasət. Hesab edirəm ki, bütün dövlətlər məhz bu prinsiplərlə hərəkət etməlidirlər.
Təəssüf ki, bu gün dünyada yanaşmalar fərqlidir. Amma biz böyük ümidlə gözləyirik ki, Ukraynadakı müharibə bitən kimi bu yanaşmalar dəyişəcək. Bu, qlobal siyasətin düzgün istiqamətdə inkişafı üçün vacibdir”, – deyə İrakli Kobaxidze qeyd edib.