Parlamentdə yeni reqlament təşəbbüsü: İnterpelasiyaların sayı ikiqat artırılır, “nazir saatı” funksiyasını itirir
Parlament çoxluğu yeni reqlamenti təşəbbüs kimi irəli sürüb. Yeni layihəyə əsasən, hesabatlı şəxslərə ünvanlanan interpelasiyaların sayı ikiqat artırılır və bu səbəbdən “nazir saatı” öz funksiyasını itirir.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.
Papuaşvili qeyd edib ki, layihə bazar ertəsi Büroda müzakirəyə çıxarılacaq. Onun sözlərinə görə, yeni reqlament prosedurlardakı bütün qeyri-müəyyənlikləri aradan qaldıracaq.
“Parlament çoxluğu olaraq Gürcüstan parlamentinin yeni reqlamentini təşəbbüs etdik. Artıq iki ildir ki, Parlamentin prosedur məsələləri komitəsi və Aparatın müvafiq departamentləri ilə birlikdə yeni reqlament üzərində çalışırıq. 2018-ci ildə qəbul olunmuş mövcud reqlament 7 ildir qüvvədədir və bu müddətdə 65 dəyişiklik edilib. Məhz bu səbəbdən, artıq yeni bir strukturun yaradılması zərurəti yarandı – təkrarlanmalardan qaçmaq və məntiqli ardıcıllıqla strukturlaşdırma aparmaq üçün,” – deyə Papuaşvili bildirib.
Onun sözlərinə görə, yeni reqlamentin may ayının sonuna qədər qəbul olunması, 1 iyuldan isə qüvvəyə minməsi planlaşdırılır.
Əsas dəyişikliklərdən biri kimi Papuaşvili interpelasiyaların sayının ikiqat artırılmasını göstərib:
“Bildiyiniz kimi, interpelasiya deputatların nazirlərə, baş nazirə və digər hesabatlı şəxslərə suallar verməsi üçün bir vasitədir. Cavab olaraq həmin şəxslər parlamentin plenar iclasında iştirak etməli və sualları cavablandırmalıdırlar. Daha sonra debatlar keçirilir. İkiqat artırılma o deməkdir ki, hər həftə plenar iclasda bir gün interpelasiyalara həsr olunacaq.”
Papuaşvili bildirib ki, interpelasiya qaydaları da yenidən tənzimlənəcək:
“Əvvəllər daha çox monoloq xarakteri daşıyırdı. Yeni tənzimləmələrə əsasən isə çıxışlar növbə ilə olacaq və bu, debatlara daha dinamik xarakter verəcək.”
O əlavə edib ki, bu dəyişikliklər fonunda “nazir saatı” artıq öz funksiyasını itirir:
“Nazir saatı’ 2018-ci ildə kompensasiya xarakterli alət kimi təqdim olunmuşdu. Bəzi ölkələrdə hər həftə bir gün sual-cavab vaxtı ayrılır. Biz də bu sistemi tətbiq edirik və hər həftə müxtəlif hesabatlı şəxsləri sual-cavab rejimində parlamentdə dinləyə biləcəyik,” – deyə Papuaşvili vurğulayıb.


