01 
Apr
2025
15:57
235

Parlament “xarici agentlər haqqında” qanun layihəsini son oxunuşda qəbul edib

Gürcüstan Parlamenti bu gün üçüncü oxunuşda “FARA” kimi tanınan qanun layihəsini qəbul edib.

InterPress.ge xəbər verir ki, hakim “Gürcü Arzusu” fraksiyası tərəfindən irəli sürülən layihə 86 səslə təsdiqlənib.

Səsvermə zamanı parlament sədri Şalva Papuaşvili bildirib: “Amerika standartının və dəqiq surətinin qanunu qəbul olunub”.

Qəbul olunmuş qanun “Xarici agentlərin qeydiyyatı haqqında akt” adlandırılıb. Həmçinin onunla birlikdə Cinayət Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər də qəbul edilib.

Qanun layihəsinə əsasən, hər hansı subyektin “xarici prinsipalın agenti” kimi qeydiyyatı məsələləri tənzimlənir. Qanunun icrası isə Antikorrupsiya Bürosuna həvalə ediləcək.

“Gürcü Arzusu” tərəfindən təqdim olunan qanun layihəsində “xarici prinsipalın agenti” və “xarici güc” anlayışları izah olunur. Layihə aşağıdakı məsələləri əhatə edir:

• Xarici prinsipalın agenti kimi qeydiyyat üçün müraciət və digər müvafiq sənədlərin ictimaiyyətə açıq olması,

• Qeydiyyata alınmış agent tərəfindən illik maliyyə bəyannaməsinin təqdim edilməsi,

• Agent qeydiyyatının ləğv edilməsi prosedurları,

• Xarici prinsipalın agenti statusunun müəyyən olunması və tələblərə əməl olunmasına nəzarət məqsədilə monitorinqin aparılması.

Qanunla nəzərdə tutulan tələblərdən yayınmaq və qeydiyyatdan imtina etmək halları cinayət məsuliyyəti yaradacaq.

Bizimlə əlaqə saxlayın