Zurabişvili: AŞPA Gürcüstanla bağlı “sərt qətnamə” qəbul edə bilər
Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin sözlərinə görə, Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanla bağlı “sərt qətnamə” qəbul edə bilər.
InterPress.gr xəbər verir ki, bu barədə o, bu gün keçirdiyi brifinqdə danışıb.
“Dünənki etiraz aksiyası bizə böyük ümid verir və göstərir ki, hakimiyyətin repressiv siyasəti bu etirazı dayandıra bilmədi. O etiraz cəmiyyətdə mövcuddur və imkan yaranan kimi daha güclü şəkildə ortaya çıxacaq. Bu, davamlı bir hərəkatdır və nə iştirakçıları, nə də cəmiyyəti heç kim qorxuda bilməz.
Hazırda siyasi spektrə qarşı daha bir hücum gedir və siyasi təqiblər yeni mərhələyə keçir. Biz bu məsələdə ortaq mövqeyimizi müəyyən etmişik və bu istiqamət birgə fəaliyyətimizin əsas istiqamətlərindən biri olacaq. Gözləyək, hazırkı hakimiyyət hansı qərarları qəbul edəcək, amma bu yolla siyasi qüvvələri qorxutmaq mümkün olmayacaq.
Avropa Şurasında 7 apreldən sessiya keçiriləcək və çox güman ki, sərt qətnamə qəbul olunacaq. Bu qətnamədə əsas diqqət siyasi məhbuslar məsələsinə yönələcək.
Eyni zamanda, son günlər qəbul edilən qanunlar – xüsusilə, FARA (xarici agentlər haqqında qanun) – QHT-ləri və vətəndaş cəmiyyətini boğmağa yönəlib. Amma buna qarşı yollar tapılacaq və biz də həmin yolların müəyyən olunması üçün çalışırıq.
Heç vaxt düşünməməliyik ki, yeni repressiv qanunların qəbul olunması hakimiyyətin güclənməsi deməkdir. Əksinə, bu, etirazın daha da güclənməsinə səbəb olur. Getdikcə daha çox insan bu hakimiyyətin nə etdiyini, hansı istiqamətə getdiyini anlayır və bizim mesajımıza, elan etdiyimiz yola qoşulur. Bu yol – birgə siyasi mövqeyi əks etdirən sülh yolu ilə seçkilərə doğru aparan yoldur.
Biz həm seçkilərə, həm də siyasi məhbusların azad olunmasına nail olacağıq. Amma heç bir halda alternativ və təhlükəli yolları seçməyəcəyik. Bu, bizim ortaq mövqeyimizdir. Birlikdə, qətiyyətlə və ruh yüksəkliyi ilə bu rejimin təzyiqlərinə qarşı duracağıq və məqsədimizə çatacağıq”, – deyə Salome Zurabişvili bildirib.


