29 
Mar
2025
21:57
319

Elene Xoştariya: “Təcridxanada alçaldıcı və zorakı rəftarla üzləşdim – bu, şəxsi yox, sistematik problemdir”

“Koalisiya Dəyişiklik üçün” təşkilatının liderlərindən biri olan Elene Xoştariya, müvəqqəti təcridxanadan azad edildikdən sonra mətbuata verdiyi açıqlamada saxlanılma və təcridxanada olma müddətində fiziki və psixoloji zorakılığa məruz qaldığını bəyan edib.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən aqressiv və alçaldıcı münasibət göstərilib, o, tam soyundurulub, təzyiq altında saxlanılıb və vəkilə zəng etməsinə imkan verilməyib.

“Bədənimə metal detektorla toxunurdular, üzərimdəki təzyiq açıq-aşkar zorakılıq idi. Heç bir izah vermədən məni təcridxanadan çıxardılar, vəkilimlə danışmağa da imkan vermədilər,” – deyə Xoştariya bildirib.

Siyasətçi qeyd edib ki, zərər çəkmədiyini və yaxşı olduğunu bildirir, lakin gördüklərini ictimailəşdirmək qərarına gəlib, çünki bu, ayrı-ayrı şəxslərin yox, bütün sistemin problemini əks etdirir:

“Bu mənə qarşı deyil, bu bir sistemdir. İnsanlar, xüsusilə də danışmaq imkanı olmayanlar, qorxuya düşürlər. Mənim üçün bu yeni deyil. Mən hər bir polisi üzündən tanıyıram, adlarını soruşdum, ikisinin adını bilirəm – Nino Çxartişvili və David Bolotashvili. Nino məni həm polis bölməsində, həm də izolyatorda zorakılıqla soyundurmaq prosesində şəxsən iştirak edib.”

Xoştariya qeyd edib ki, tutulduğu an ona qarşı həm fiziki, həm də psixoloji zorakılıq tətbiq olunub, o cümlədən üz nahiyəsinə zərbələr endirilib, qolları arxadan bağlanılıb və zorla axtarış aparılıb.

Daxili İşlər Nazirliyi Elene Xoştariyanın üzərində “ehtimal olunan qanunsuz maddə” tapıldığını və ekspertiza təyin olunduğunu açıqlamışdı. Xoştariya bu məlumatı “tamamilə əsassız və gülməli” adlandırıb.

“Mənimlə bağlı məlumat yayıldıqdan sonra DİN düşündü ki, nəsə deməlidir. Mənim bir sıra reseptlə yazılmış dərmanlarım var, ehtimal ki, onlardan biri olub. Bu, qadağan olunmuş maddə deyil. Mən onların sisteminə inanmıram, məhkəməyə də getmədim, iştirakdan imtina etdim.”

Xoştariya baş verənlərin onun siyasi fəaliyyətinə və etirazlara görə şəxsi intiqam olduğunu düşünür. Eyni zamanda qeyd edir ki, bu, daha geniş miqyasda hakimiyyətin zorakı metodlarla insanları qorxutmaq cəhdidir:

“Bu, təkcə mənə qarşı deyil. Bu sistem insanlara gücünü zorakılıqla göstərmək istəyir. Ona görə də mən açıq danışmalıyam, həm xalqı, həm də beynəlxalq tərəfdaşlarımızı məlumatlandırmalıyam.”

Xoştariya bildirib ki, Gürcüstanda hüquqi mübarizə aparmağı planlaşdırmır, çünki ölkədə “hüquqi məkan artıq yoxdur”. Lakin o əmindir ki, bu zorakılıqlarda iştirak edən şəxslər gec-tez cəzalandırılacaqlar.

“Mənim şəxsi intiqamım yoxdur, amma bu sistem, bu rəftar – hər kəsi, kim ki gücsüz insanı otaqda təhqir edir, küçədə bacarmadığı zorakılığı içəridə tətbiq edir – onlar hamısı cavab verməlidirlər,” – deyə Xoştariya “TV Pirveli”yə bildirib.

Bizimlə əlaqə saxlayın