29 
Mar
2025
20:01
300

DİN: Elene Xoştariyanın saxlanılmasından sonra qanunvericiliyə uyğun tədbirlər görüldü

Gürcüstan Daxili İşlər Nazirliyi “Koalisiya Dəyişiklik üçün” təşkilatının liderlərindən biri olan Elene Xoştariyanın saxlanılması ilə bağlı yayılan məlumatlara rəsmi açıqlama verib.

InterPress.ge məlumat verir ki, nazirliyin bəyanatına görə, Xoştariyanın müvəqqəti saxlama təcridxanasına yerləşdirilməsindən əvvəl bütün hüquqi prosedurlar qanunvericiliyə tam uyğun şəkildə həyata keçirilib.

Bəyanatda qeyd olunur ki, 28 mart tarixində Gürcüstan parlamenti qarşısında keçirilən etiraz aksiyası zamanı Elene Xoştariya polis əməkdaşının qanuni tələbinə tabe olmamaq və xırda xuliqanlıq maddələri üzrə – İnzibati Xətalar Məcəlləsinin 166-cı və 173-cü maddələrinə əsasən saxlanılıb.

DİN bildirir ki, saxlanıldıqdan sonra Elene Xoştariya əvvəlcə polis idarəsinə, daha sonra isə müvəqqəti saxlama təcridxanasına köçürülüb. Təcridxanaya yerləşdirilməzdən əvvəl onunla bağlı nazirliyin 2016-cı il 2 avqust tarixli №423 əmri əsasında müəyyən olunmuş yoxlama prosedurları həyata keçirilib.

Nazirliyin məlumatına əsasən, Xoştariya prosedurlara tabe olmaqdan imtina edib, təcridxananın daxili qaydalarını pozub və aqressiv davranıb. Dəfələrlə edilən hüquqi izahlara baxmayaraq, o, yoxlamadan imtina etməyə davam edib. Təhlükəsizlik səbəbilə və mövcud qanunlara uyğun olaraq, müvafiq tədbirlər görülüb.

Nazirlik onu da qeyd edir ki, yoxlama zamanı Xoştariyanın üzərindən ehtimal olunan qanunsuz maddə aşkarlanıb və həmin maddə üzrə ekspertiza təyin edilib.

Təcridxanaya yerləşdirilmə prosesi videomüşahidə kameraları vasitəsilə qeydə alınıb. DİN bildirir ki, qanunla müəyyən olunmuş qaydada və saxlanılan şəxsin razılığı ilə hüquq müdafiəçiləri və səlahiyyətli qurumlar videoyazılarla tanış ola bilərlər.

Nazirliyin məlumatına görə, Elene Xoştariya müvəqqəti təcridxanaya yerləşdirildikdən sonra Xalq Müdafiəçisinin nümayəndəsi ilə görüşdən imtina edib.

Xatırladaq ki, Elene Xoştariya saxlanıldıqdan sonra ictimaiyyətə açıqlamasında Dğumidəki əsas idarədə tam soyundurulduğunu, bundan əvvəl isə Ramishvili küçəsindəki polis bölməsində fiziki təzyiqə məruz qaldığını bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər