
Mdinaradze: “Dörd partiya eyni mesaj qutusundan çıxış edir – onlar agent şəbəkəsinin hissəsidirlər”
"Hazırda ölkədə dörd əsas partiya var ki, onlar birgə “mesaj qutusu”ndan çıxış edir və əslində bir məqsədə – Gürcüstanın əleyhinə fəaliyyətə xidmət edirlər."
InterPress.ge xəbər verir ki, bu barədə “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze bəyan edib.
Mdinaradzenin sözlərinə görə, bu partiyalar “Vahid Milli Hərəkat”ın peyk təşkilatlarıdır və onların siyasi səhnədən uzaqlaşdırılmadığı müddətdə ölkədə vəziyyətin sabitləşməsi çətin olacaq. O bildirib ki, ölkənin xilas yolu bu partiyaların getməsindən və obyektiv, milli mövqeli, patriot insanlara yol açılmasından keçir.
“Əsasən dörd partiya var ki, eyni mesaj qutusunda yerləşir. Onlar Gürcüstan əleyhinə fəaliyyət göstərən agent şəbəkəsinə aiddirlər. Amma əvvəlcədən konkret partiyalar barədə danışmaq olmaz, çünki hansı hüquqi əsasla, hansı sübutlara əsasən Konstitusiya Məhkəməsinə müraciət olunacaq, bunu zaman göstərəcək. Lakin böyük ehtimalla, bu agent partiyaların əksəriyyətini antikonstitusion elan etmək mümkün olacaq”, – deyə Mdinaradze bildirib.
Onun sözlərinə görə, bu partiyaların antikonsitusion və antimilli fəaliyyəti təkcə 2012-ci ilə qədər deyil, sonrakı illərdə də davam edib: “Bu ölkəyə sabitlik gəlməyəcək, əminliklə deyə bilərik ki, vəziyyət düzəlməyəcək, ta ki bu qüvvələr siyasətdən uzaqlaşdırılana və yer onların əvəzində sağlam, milli, obyektiv qüvvələrə – bacarıqlı və patriot insanlara verilməyənə qədər”.
Mdinaradze həmçinin vurğulayıb ki, bu gün Gürcüstanın siyasi müxalifət sahəsini milyonlarla dollarla maliyyələşən xarici agentlər zəbt edib və onların fəaliyyəti Konstitusiyanın pozulması üçün hüquqi əsasdır.
Mdinaradze onu da əlavə edib ki, hazırlanacaq qanun layihəsində bu cür partiyaların liderlərinin yeni siyasi partiya yaratmasının qarşısı alınacaq:
“Qanunda xüsusi norma olacaq ki, qərarverici şəxslər, liderlər yeni partiya qurmaq imkanı əldə etməsinlər və yenidən eyni zərəri ölkəyə vurmağa cəhd etməsinlər. Onlara siyasi sahədə yer verilməyəcək. Gürcüstan siyasətində antimilli, antikonstitusion qüvvələrin yeri olmamalıdır,” – deyə Mdinaradze bildirib.