28 
Mar
2025
12:23
221

Türkiyədə İmamoğlunun vəkili həbs olunub

Türkiyə hakimiyyəti İstanbul meri Əkrəm İmamoğlunun vəkili Mehmet Pəhlivanı həbs edib.

InterPress.ge xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Əsas müxalifət partiyası – Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Turan Taskın Özər sosial şəbəkədə paylaşdığı məlumatda bildirib ki, İstanbul merinin vəkili “uydurma səbəblərlə” həbs olunub. Türkiyə polisi hələlik həbsin rəsmi səbəbini açıqlamayıb.

Əkrəm İmamoğlu vəkilinin dərhal azadlığa buraxılmasını tələb edib.

Xatırladaq ki, İstanbul meri Əkrəm İmamoğlu 19 martda korrupsiya və terrora yardım ittihamları ilə saxlanılmışdı. Lakin 23 mart tarixində ona yalnız korrupsiya ittihamı ilə ilkin həbs qərarı verildi və Daxili İşlər Nazirliyi onu vəzifəsindən uzaqlaşdırdı. İmamoğlunun həbsindən sonra İstanbul Bələdiyyə Məclisi mer postuna yenidən müxalif CHP üzvü Nuri Aslanı seçdi.

İmamoğlunun həbsindən sonra Türkiyədə hakim partiyaya qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Həbs olunan etirazçıların sayı min nəfəri keçib. Polis etirazları zorakı üsullarla dağıtmağa davam edir.

CHP sədri Özgür Özəlin sözlərinə görə, etirazlar davam edəcək. O, şənbə günü Maltepədə böyük mitinq keçiriləcəyini açıqlayıb. Mitinq zamanı Əkrəm İmamoğlunun prezidentliyə namizədliyinin irəli sürüləcəyi və onun azadlığa buraxılması tələbinin səsləndiriləcəyi gözlənilir.

Bizimlə əlaqə saxlayın