28 
Mar
2025
11:27
159

Gürcüstanda İnterpol tərəfindən axtarılan Türkiyə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları ağır cinayətlərə görə İnterpolun qırmızı bülletenlə axtarışa verdiyi Türkiyə vətəndaşı T.E.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, Türkiyə Respublikası T.E.-ni qəsdən adam öldürmə, adam öldürməyə cəhd, quldurluq, qanunsuz silah alveri, soyğunçuluq və cinayətkar təşkilata üzvlük ittihamları ilə beynəlxalq axtarışa vermişdi.

Aparılan istintaq nəticəsində məlum olub ki, T.E. barəsində beynəlxalq axtarış elan olunmazdan əvvəl Gürcüstan sərhədini keçərək ölkəyə daxil olub.

DİN-in yaydığı rəsmi məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.E.-nin yeri müəyyən edilib və o, saxlanılıb.

Bizimlə əlaqə saxlayın