26 
Mar
2025
11:36
249

Prokurorluq Mamuka Xazaradze barəsində cinayət işi açıb

Prokurorluq “Güclü Gürcüstan” partiyasının lideri Mamuka Xazaradze barəsində araşdırmaya başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu təsdiqləyib.

Bu, Vahid Milli Hərəkat hakimiyyətinin fəaliyyətini araşdıran parlamentin müvəqqəti istintaq komissiyasının iclasına gəlmədiyinə görə baş verib. 

Araşdırma komissiyanın müraciəti əsasında başlanıb və Gürcüstan Cinayət Məcəlləsinin 349-cu maddəsi ilə aparılır.

Xatırladaq ki, 25 mart tarixində komissiya biznesə təzyiqlə bağlı işlərdən biri – “Magnat” şirkəti ilə bağlı iddianı müzakirə edib. “Magnat” yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olmuş Cemo Leonidze əvvəlki hakimiyyətin yüksək vəzifəli şəxsləri ilə birlikdə Mamuka Xazaradzeni əmlakını əlindən almaqda günahlandırır.

Komissiyanın iclasına “Güclü Gürcüstan” liderləri Mamuka Xazaradze və Badri Japaridze dəvət olunmuşdu. Lakin Xazaradze sosial şəbəkədə açıqlama yayaraq, istintaq komissiyasına getməyəcəyini və “bu sirkin bir hissəsi olmayacağını” bildirib. Badri Japaridze də iclasa qatılmayıb.

Komissiya 26 martda qərar qəbul edərək onların işini əlavə araşdırma üçün prokurorluğa təqdim edib.

Qeyd edək ki, Gürcüstan parlamentinin müvəqqəti istintaq komissiyasının tələbini yerinə yetirməmək qanuna əsasən cərimə və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Həmçinin, üç ilə qədər vəzifə və ya fəaliyyət hüququnun məhdudlaşdırılması nəzərdə tutulur.

Bizimlə əlaqə saxlayın