
Laqodexinin Qabal qəsəbəsində Novruz bayramı təntənə ilə qeyd olundu - FOTO
Hər il olduğu kimi, bu il də Laqodexi bələdiyyəsinin Qabal qəsəbəsində ümumxalq bayramımız olan Novruz bayramı təntənəli şəkildə qeyd olunub.
InterPress.ge xəbər portalına açıqlamasında ictimai fəal Elvin Tağıyev bildirib ki, Qabalda keçirilən Novruz bayramı tədbirinə hökumət nümayəndələri də qatılıblar.
Onun sözlərinə görə, bayram konsertində Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət Nazirliyinin rəhbəri Tea Axvlediani, Laqodexi meri Jondo Mdivnişvili, bələdiyyə məclisinin sədri Kaxa Janburia və digər rəsmi şəxslər iştirak ediblər. Bayram tonqalı da xanım nazirin iştirakı ilə alovlandırılıb.
Şənliyə, eyni zamanda, Qabal qəsəbəsinin ətraf kəndlərindən olan gürcü həmvətənlərimiz və Marneuli Mədəniyyət Mərkəzinin rəqs ansamblı da qatılıb.
Tədbir çərçivəsində Novruz bayramına xas olan ənənəvi güləş turniri, qol güləşi, at yarışı, eləcə də müxtəlif musiqiçilərin iştirakı ilə konsert proqramı keçirilib. Eyni zamanda qəsəbənin müxtəlif məktəbləri tərəfindən bayram şirniyyatları və Novruza məxsus simvollarla bəzədilmiş guşələr hazırlanıb.