
“Ümidin qarşısında heç bir güc dura bilməz” – Həbsdə olan İmamoğlu bəyanat yaydı
"Ədalət və daha yaxşı gələcək uğrunda mübarizəni davam etdirəcəyik".
InterPress.ge xəbər verir ki, bu barədə Türkiyənin həbsdə olan İstanbul meri Əkrəm İmamoğlu sosial platforma X üzərindən açıqlama yayaraq bildirib.
“Ümidin və həmrəyliyin qarşısında heç bir güc dura bilməz. Biz övladlarımız, hüquqlarımız, qanun və ədalət naminə, daha yaxşı sabah üçün mübarizə aparırıq”, - deyə İmamoğlu paylaşımında yazıb.
Xatırladaq ki, İstanbul meri və Türkiyənin əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) üzvü olan Əkrəm İmamoğlu korrupsiya və terrorla əlaqədə ittiham olunaraq həbs edilib. Bundan əvvəl İstanbul Universiteti onun diplomunu saxta olması ilə əlaqələndirərək ləğv edib və bu addımla faktiki olaraq İmamoğlunun gələcək prezident seçkilərində iştirak hüququndan məhrum edildiyi güman olunur.
İmamoğlunun həbsindən sonra Türkiyədə genişmiqyaslı etirazlar başlayıb. Minlərlə insan İstanbul meriyasının önündə toplaşaraq “Ərdoğan, diktator!”, “İmamoğlu, sən tək deyilsən!” şüarları səsləndirib.
Etirazlar zamanı nümayişçilərlə polis arasında toqquşmalar baş verib. Türkiyə mediasının məlumatına görə, polis İstanbul Universiteti qarşısında keçirilən aksiyanı dağıtmaq üçün “bibər qazı” tətbiq edib.
Hadisələrin gedişi Türkiyədə siyasi vəziyyətin daha da gərginləşəcəyini göstərir. İmamoğlunun tərəfdarları onun həbsini siyasi qərar kimi qiymətləndirir və etirazların davam edəcəyini bəyan edirlər.