17 
Mar
2025
12:11
224

Rustavidə İftar süfrəsi təşkil olunub

Rustavi şəhərində Ramazan ayına özəl iftar süfrəsi təşkil edilib.

InterPress.ge xəbər verir ki, iftar süfrəsi Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşəbbüsü ilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının səfiri Faiq Quliyev, DQİDK sədri Ramin Məmmədov, Gürcüstanın Dini Məsələlər üzrə Agentliyinin rəhbəri Zaza Vaşakmadze, Kvemo Kartli qubernatoru Qiorqi Doxturaşvili, Rustavi meri Nino Latsabidze, parlament üzvləri, din xadimləri və icma nümayəndələri iştirak ediblər.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev çıxışında iki ölkə arasındakı mehriban qonşuluq əlaqələrini vurğulayaraq, Gürcüstanda yaşayan azərbaycanlı icmasına göstərilən diqqət və dəstəyə görə təşəkkür edib. O, bu cür tədbirlərin mədəni və dini müxtəlifliyin möhkəmlənməsinə, eləcə də Azərbaycan-Gürcüstan münasibətlərinin daha da güclənməsinə töhfə verdiyini bildirib. Səfir Gürcüstan hökumətinin, o cümlədən Baş nazirin, ölkədə yaşayan Azərbaycan icmasına olan münasibətini yüksək qiymətləndirib.

Eyni zamanda, Faiq Quliyev Gürcüstanda yeni məscidlərin inşasının başlanmasını və dini icmalarla əməkdaşlığın inkişaf etdirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu addımlar Gürcüstanın multikultural dəyərlərə verdiyi önəmin bariz nümunəsidir.

DQİDK sədri Ramin Məmmədov Azərbaycan və Gürcüstan bayraqlarının bir arada dalğalanmasını dostluğun və mehriban qonşuluq siyasətinin təzahürü kimi dəyərləndirib. O, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlığının iki xalqın rifahına töhfə verdiyini qeyd edib.

Gürcüstan parlamentinin deputatı İrakli Şatakişvili iftar iştirakçılarını Ramazan münasibətilə təbrik edərək, Gürcüstandakı dini müxtəlifliyin ölkənin birgəyaşayış ənənələrinin mühüm hissəsi olduğunu bildirib.

Rustavi meri Nino Latsabidze Ramazan ayının mənəvi və fiziki təmizlənmə dövrü olduğunu qeyd edərək, bu ayın insanları daha mərhəmətli və cəmiyyət üçün faydalı olmağa təşviq etdiyini bildirib.

Tədbirdə digər çıxış edənlər də Ramazan ayı münasibətilə dünya müsəlmanlarını təbrik edərək, insanlara firavanlıq və əmin-amanlıq arzulayıblar. Mərasimin sonunda Azərbaycanın və Gürcüstanın rifahı və sülhü üçün dualar edilib.

Bizimlə əlaqə saxlayın