15 
Mar
2025
19:29
419

Tbilisidə Novruz Bayramı təntənəli şəkildə qeyd olunub - FOTO

Tbilisidə Novruz bayramı geniş tədbirlə qeyd edilib.

InterPress.ge xəbər verir ki, bayram şənliyində Gürcüstanın rəsmi şəxsləri, ictimai-siyasi xadimlər və diplomatik nümayəndələr iştirak ediblər.

Tədbirdə Gürcüstandakı Azərbaycan icmasının üzvləri, Gürcüstan parlamentinin ikinci vitse-spikeri Sozar Subari, xalq müdafiəçisi Levan İoseliani, reinteqrasiya və bərabərlik nazirinin müavini Lia Gigauri, Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Marneuli meri Kənan Ömərov, Dmanisi meri Koba Muradaşvili, Parlamen deputatı Davit Şeradazaşvili və SOCAR-ın Gürcüstan nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.

Vitse-spiker Sozar Subari çıxışında vurğulayıb ki, bu il Novruz bayramı Ramazan ayına təsadüf edir və bu da dini müxtəlifliyin harmoniyasını bir daha nümayiş etdirir: “Bu, birgəyaşayış dəyərlərimizin, qarşılıqlı hörmətin və ortaq mədəniyyətin möhkəmləndiyini göstərir”.

Xalq müdafiəçisi Levan İoseliani isə Gürcüstanda yaşayan azərbaycanlıların ölkənin ictimai-siyasi və iqtisadi həyatında mühüm rol oynadığını qeyd edib: “Onlar Gürcüstanın inkişafına, mədəniyyətinin zənginləşməsinə və cəmiyyətin bütün sahələrinə əvəzsiz töhfələr verirlər”.

Reinteqrasiya və bərabərlik nazirinin müavini Lia Gigauri Novruzun bərabərlik və sülhün rəmzi olduğunu bildirib: “Bu bayram müxtəlif xalqların və mədəniyyətlərin Gürcüstanda bir arada sülh və harmoniya içində yaşamasının ən gözəl nümunəsidir”.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə Novruz bayramının həm Gürcüstanda, həm də Azərbaycanda qədim ənənələri yaşadan, xalqları birləşdirən xüsusi bir gün olduğunu vurğulayıb: “Gürcüstanda yaşayan minlərlə azərbaycanlı bu bayramı böyük coşqu ilə qeyd edərək öz tarixi və mədəni irsinə sahib çıxır”. O, həmçinin son illərdə Gürcüstan dövlətinin Novruz bayramının qeyd olunmasına xüsusi önəm verdiyini və bu tədbirin rəsmi dairələrin dəstəyi ilə keçirildiyini bildirib.

Bayram tədbiri uşaqların və incəsənət nümayəndələrinin hazırladığı rəngarəng bədii proqramla davam edib. “BEEZ” Uşaq Teatrının balaca aktyorları və sənətçilər Novruza həsr olunmuş musiqi və “Ceyran” rəqs qrupunun rəqsi ilə davam edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər