13 
Mar
2025
13:38
148

Kobaxidze: “Dövlət narkotik təhlükəsinə qarşı daha güclü mübarizə aparacaq”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze narkotik maddələrin istifadəsi və satışına qarşı dövlətin siyasətini sərtləşdirməyin vacibliyini vurğulayıb.

InterPress.ge xəbər verir ki, baş nazir bu barədə  “İmedi LIVE” verilişində çıxışı zamanı qeyd edib.

O bildirib ki, ölkədə narkotik istifadəsi ilə bağlı vəziyyət ürəkaçan deyil və bunun qarşısını almaq üçün effektiv profilaktik tədbirlər görülməlidir.

“Ötən illərdə liberal narkopolitika adı altında narkotik istifadəsinin təşviqi istiqamətində təbliğat aparıldı. Hətta əvvəlki parlamentdə bəzi çoxluq üzvləri bu mövzunu aktiv şəkildə müzakirəyə çıxardı. Mənim üçün bu, kifayət qədər şübhəli proses idi. Daha sonra həmin şəxslər parlament çoxluğundan da çıxaraq şübhəli mövqe tutdular. Narkotik istifadəsinin artmasını istəyən müəyyən qruplar var və biz buna maksimum dərəcədə qarşı çıxmalıyıq. Biz bilirik ki, narkotik maddələr insanlara böyük ziyan vurur. Buna görə də dövlət vətəndaşlarının sağlamlığını qorumaq üçün məsuliyyət daşıyır”, – deyə baş nazir bildirib.

O vurğulayıb ki, dövlət humanist yanaşmasını qoruyub saxlamalı, əsas diqqəti profilaktik tədbirlərə yönəltməlidir.

“Narkotik satışına qarşı dövlət maksimum dərəcədə sərt siyasət yürütməlidir. İstifadə ilə bağlı isə əsas prioritet profilaktik tədbirlərin gücləndirilməsidir. Hazırda bu istiqamətdə yeni qanun layihəsi hazırlanıb və onun üzərində müxtəlif aspektlərdə işlənilir. Əsas prinsip isə dəyişməzdir – narkotik satışına sıfır tolerantlıq göstərilməlidir. İstifadəçilərlə bağlı isə profilaktik tədbirlərlə yanaşı, onların narkotikdən uzaq durmasını təmin edəcək müəyyən sanksiyalar da tətbiq edilməlidir. Bu, dövlətin həm məsuliyyəti, həm də vətəndaşların sağlamlığının qorunması üçün zəruri addımdır”, – deyə Kobaxidze əlavə edib.

Baş nazir narkotik istifadəsinin müəyyən dairələrdə modaya çevrildiyini və bunun əksinə bir təbliğat aparılmasının vacibliyini də qeyd edib:

“Bəzi dairələrdə narkotik istifadəsi sanki modaya çevrilib. Biz bunun qarşısını almaq üçün əks-təbliğat aparmalıyıq. İnsanlara açıq şəkildə izah etməliyik ki, narkotik maddələrin heç bir faydası yoxdur, əksinə, yalnız sağlamlığa və şəxsi inkişafa ciddi ziyan vurur. Burada məqsədimiz çox açıq və dəqiqdir – cəmiyyəti bu təhlükədən qorumaq” – deyə Kobaxidze bildirib.

Bizimlə əlaqə saxlayın