
Aİ ABŞ-dan idxal edilən 28 milyard dollar dəyərində məhsula tariflər tətbiq edəcək
Avropa İttifaqı (Aİ) ABŞ-dan idxal edilən 28 milyard dollar dəyərində məhsula tariflər tətbiq edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Reuters agentliyi Avropa Komissiyasına istinadən yayıb.
Bu gün ABŞ prezidenti Donald Tramp tərəfindən polad və alüminium idxalına tətbiq edilən 25%-lik tariflər qüvvəyə minib.
Buna cavab olaraq, Avropa Komissiyası bəyan edib ki, Aİ aprel ayında ABŞ məhsullarına qarşı cavab tədbirləri görəcək.
“Bu, ABŞ-ın tətbiq etdiyi tariflərin iqtisadi miqyasına uyğun olacaq. Cavab tədbirlərimiz iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ 1 aprel tarixində başlayacaq və 13 aprel tarixindən tam qüvvəyə minəcək”, - deyə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Aİ konstruktiv dialoqa hazırdır.
Xatırladaq ki, dünən ABŞ prezidenti Donald Tramp, Kanadanı ABŞ-a göndərilən polad və alüminium məhsullarına 50%-dək tarif tətbiq etməklə hədələmişdi. Lakin sonradan bu addımdan geri çəkilib. Səbəb isə Kanadanın Ontario vilayətinin baş naziri Daq Fordun, Minnesota, Nyu-York və Miçiqan ştatlarına Ontario elektrik enerjisinin ixracına 25%-lik əlavə rüsum tətbiq etmək qərarından imtina etməsi olub.