Gürcüstanda narkopolitikanın sərtləşdirilməsi: Yeni cinayət məcəlləsi maddələri qəbul edilir
Gürcüstan parlamenti narkotik cinayətlərlə bağlı cəza tədbirlərinin sərtləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsini müzakirəyə çıxarır.
InterPress.ge xəbər verir ki, “Gürcü Arzusu”nun təşəbbüsü ilə hazırlanmış layihə narkotiklərlə bağlı qanun pozuntularının tərkibini yenidən müəyyənləşdirir və məsuliyyət tədbirlərini daha sərt edir.
Bununla əlaqədar olaraq, azadlıqdan məhrumetmə müddətləri artırılır.
Təklif olunan qanun layihəsinə əsasən, psixotrop maddələrin, onların analoqlarının, güclü təsirə malik maddələrin, kannabis və marixuananın, digər narkotik vasitələrin, onların analoqlarının, prekursorların və ya yeni psixoaktiv maddələrin qanunsuz hazırlanması, istehsalı, daşınması və satışı daha ağır cəzalarla cəzalandırılacaq.
Yeni dəyişikliklər çərçivəsində Cinayət Məcəlləsinə 260/1-ci maddə əlavə olunur. Bu maddə narkotik maddələrin, onların analoqlarının, prekursorların və yeni psixoaktiv maddələrin qanunsuz istehsalı, hazırlanması, daşınması və ötürülməsi ilə bağlı ayrıca cinayət tərkibini müəyyən edir və bu əməllərə görə cəzanı daha da sərtləşdirir.
Bundan əlavə, 260/2-ci maddə də əlavə edilir, bu maddə psixotrop maddələrin, onların analoqlarının, güclü təsirli maddələrin, kannabis və marixuananın, digər narkotik vasitələrin və ya prekursorların qanunsuz satışı və ya bu prosesə yardım göstərilməsini ayrıca cinayət tərkibi kimi müəyyənləşdirir. Bu əməllərə görə nəzərdə tutulan cəzalar da sərtləşdirilir.
Yeni layihəyə əsasən, 260/3-cü maddə də əlavə edilir. Bu maddə psixotrop maddələrin, onların analoqlarının və güclü təsirli maddələrin qanunsuz satışı ilə bağlı ayrıca məsuliyyət müəyyən edir.
Eyni zamanda, 261/1-ci maddə də qəbul edilir və bu maddə psixotrop maddələrin, onların analoqlarının və güclü təsirə malik maddələrin qanunsuz istehsalı, daşınması və yayılması ilə bağlı ayrıca cinayət tərkibini müəyyənləşdirir.
Bundan başqa, yeni psixoaktiv maddələrin qanunsuz əldə edilməsi, saxlanması, hazırlanması, istehsalı, daşınması və yayılması ilə bağlı cəzalar daha da sərtləşdirilir.
Yeni qanunvericiliyə əsasən, narkotik maddələrin istifadəsini müəyyən etmək üçün tibbi müayinədən yayınmaq da cinayət hesab ediləcək. Əgər bu hərəkət inzibati qaydada cəzalandırılmış və ya narkotik istifadəsi ilə bağlı cinayət törətmiş şəxs tərəfindən törədilərsə, ona cərimə, 120-140 saat ictimai işlər və ya bir ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.
Qanun layihəsinin müəllifləri və təşəbbüskarları parlamentin üzvləri Arçil Gorduladze, Tornike Çeişvili, Aleksandre Tabatadze, Davit Mətikaşvili, Rati Yonataşvili, Aluda Quduşauri, Tenzqiz Şarmanşvili və Quram Maçariaşvilidir.


