11 
Mar
2025
14:40
283

Kaxa Kaladze: “Biz Trampın ‘Dərin Dövlət’ üzərində qələbə qazanmasını istəyirik, amma öncə öz ölkəmiz haqda düşünməliyik”

"Gürcüstan hakimiyyəti “Dərin Dövlət”ə qarşı mübarizəni diqqətlə izləyir. Onun sözlərinə görə, Gürcüstan bu problemlə birbaşa qarşılaşıb və bu səbəbdən də proseslərə xüsusi diqqət yetirir."

InterPress.ge xəbər verir ki, bu barədəTbilisi meri Kaxa Kaladze “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradzenin açıqlamasına cavab olaraq mediaya verdiyi müsahibədə bildirib.

“Biz ‘Dərin Dövlət’ mövzusunda danışmağa məcbur olduq, çünki bu problem bizə birbaşa toxundu. Bu, həm bizim, həm də bütün dünyanın qarşısında ciddi bir çağırışdır. ABŞ prezidenti bu sistemə qarşı mübarizə aparacağını açıq şəkildə bəyan etdi. Biz bu prosesləri izləyirik və Donald Trampa uğurlar arzulayırıq. Ona azarkeşlik edirik, amma ilk növbədə öz ölkəmiz bizi narahat edir. Məsələ təkcə ‘Dərin Dövlət’in məğlub olub-olmamasında deyil, həm də bu prosesin bizim münasibətlərimizə necə təsir edəcəyindədir. Əgər bu sistem məhv olarsa, bunun təsirlərini biz də görəcəyik və bununla bağlı dərhal açıqlama verəcəyik”, – deyə Kaxa Kaladze bildirib.

O əlavə edib ki, “Dərin Dövlət”in məqsədi hökumətə öz agentlərini gətirmək və öz maraqlarını həyata keçirməkdir.

“Bu sistem Gürcüstanda dərin kök salıb. Gördüyünüz kimi, illərdir agentura şəbəkələrinin yaradılmasına böyük pullar xərclənir. Eyni metodlar dünyanın müxtəlif yerlərində tətbiq olunub. Hazırda da Gürcüstanda bu cəhdlər davam edir – məqsəd ölkəni yenidən öz maraqları naminə idarə etmək və hakimiyyəti devirməkdir. Müəyyən qüvvələr bu məqsəd üçün külli miqdarda vəsait ayırır. Cəmiyyətin parçalanması, daha da qütbləşməsi üçün böyük pullar xərclənir. Bütün bunlar hakimiyyətə öz agentlərini gətirmək üçün edilir ki, onlar deyilən hər şeyi qeyd-şərtsiz yerinə yetirsinlər. Burada artıq ölkə maraqlarından danışmağa belə ehtiyac qalmır. ‘Gürcü Arzusu’ isə Gürcüstanın maraqlarını və gələcəyini qoruyan yeganə siyasi qüvvədir”, – deyə Kaladze vurğulayıb.

Xatırladaq ki, “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze sosial şəbəkədə yazıb ki, Gürcüstanın vəziyyətinə baxaraq gələcəkdə ABŞ-ın ölkəyə olan münasibəti və əməkdaşlıq formalarından “Dərin Dövlət”in məğlub olub-olmadığı bəlli olacaq. Onun sözlərinə görə, hazırda “Dərin Dövlət”in rebrendinqi baş verir.

“Əgər əvvəllər qlobal müharibə partiyası USAID və NED vasitəsilə milli hökumətlərin devrilməsinə maliyyə ayırırdısa, indi bu missiyanı konkret ölkələrdəki marionet hökumətlər öz üzərinə götürüb”, – deyə Mdinaradze bildirib.

Bizimlə əlaqə saxlayın