Müstəqillik Referendumu Günü münasibətilə genişmiqyaslı aksiya planlaşdırılır
31 mart Gürcüstanın müstəqillik referendumu günü və ölkənin azadlıq tarixində ən mühüm hadisələrdən biridir. Bununla əlaqədar müxalifət partiyaları və vətəndaş cəmiyyəti birgə hazırlıqlara başlayır.
InterPress.ge xəbər verir ki, bu barədə "Vahid Milli Hərəkat" partiyasının sədri Tina Bokuçava məlumat verib.
O, Prezident Salome Zurabişvili və müxalifət nümayəndələri arasında keçirilən görüşdən sonra "Ümumi Müqavimət Cəbhəsinin" yaradılması ideyasını da müzakirə etdiklərini bildirib.
"31 martda böyük aksiya planlaşdırılır. Bu, Gürcüstanın müstəqillik referendumu günüdür və tariximizdə mühüm əhəmiyyətə malikdir. Bu tədbir üçün birlikdə hazırlıqlara başlayırıq.
Eyni zamanda, Prezident Zurabişvilinin ətrafında, ölkənin Avroatlantik gələcəyinin qorunmasını prioritet hesab edən bütün siyasi qüvvələrin iştirakı ilə "Ümumi Müqavimət Cəbhəsi"nin yaradılması məsələsini müzakirə etdik.
Cəmiyyətin tələbi maksimal birlik və maksimal səylərin birləşdirilməsidir", – deyə Bokuçava bildirib.


