06 
Mar
2025
15:46
337

Zurabişvili: “100 günlük mübarizə artıq qələbədir

Gürcüstanın 5-ci prezidenti Salome Zürabişvili Rustaveli prospektində keçirilən etiraz aksiyalarının 100-cü günü münasibətilə açıqlama yayıb.

InterPress.ge xəbər verir ki, o, Facebook hesabında paylaşdığı mesajda bu günləri “möhkəmlik, dözümlülük, qarşılıqlı hörmət və sülhsevər etiraz” dövrü adlandırıb.

“Ruslar həmişə qışa ümid bağlayıblar – sərt rus qışı ilə müharibələri udacaqlarına inanırlar. Burada da eyni şey gözlənilirdi: çətin bir qış və bəzi insanların illüziyası ki, soyuq ümidləri öldürəcək… Amma belə olmadı! Sabah etirazın 100-cü günü tamam olur və yaz gəldi”, – Zürabişvili vurğulayıb.

“Ölkə iki düşərgəyə bölünüb”

Zurabişvili qeyd edib ki, Gürcüstan hazırda iki hissəyə bölünüb:

"Bir tərəfdə repressiyalar, nifrət dili, təhqirlər, döyülmələr və davamlı hədələr var.Digər tərəfdə isə ləyaqət, həmrəylik, Vətənə sarsılmaz sədaqət və sevgisi olan insanlar dayanır.

Bir tərəf insanları həbs etməklə, cərimələrlə, işdən çıxarmaqla, nifrət nitqləri ilə qorxutmağa çalışır. Digər tərəf isə su şırnaqları və ədalətsiz hakimlər qarşısında duruş gətirir, həmrəyliyi nümayiş etdirir, hətta bir fincan qəhvə verməyə belə hazırdır – bunun üçün amansızcasına döyülsələr belə”, – deyə o bildirib.

“Canlı cəmiyyət ölü rejimi məğlub edəcək”

Zurabişvili hesab edir ki, mübarizənin 100 gün davam etməsi artıq bir qələbədir və rejimin sonunu gətirəcək əsas amil cəmiyyətin canlılığıdır.

“Əsas qələbə fərqin özündədir: canlı bir cəmiyyət, ölü bir rejimi məğlub edəcək! Və bu artıq baş verir!”

O, həmçinin hökumətin müqəddəs oruc və bağışlanma dövrünü “repressiyaların sərtləşdirilməsi və günahsız insanların həbsdə saxlanılması üçün istifadə etdiyini” qeyd edib.

“Onlara vicdan məhbusları boşuna deyil ki, deyirlər – çünki vicdan və təmkin onların tərəfindədir. Digər tərəfdə isə qorxu toxumu səpmək üçün küçələrdə dolaşan “titushkalar” var. Amma şəhər, cəmiyyət və ölkə artıq 100 gündür ki, dayanıb! Və bu, artıq qələbədir!” – Zurabişvili vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər