05 
Mar
2025
14:29
282

Levan Maxaşvili: “Gürcüstanı geosiyasi oyunda piyada kimi qurban verməyəcəyik”

Gürcüstan nə keçmişdə, nə də gələcəkdə geosiyasi oyunlarda piyada rolunu oynayacaq bir ölkə olmayacaq."

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Avropa ilə inteqrasiya komitəsinin sədri Levan Mxhaşvili bildirib.

O, son üç ildə həyata keçirilən siyasətin də məhz bu prinsipə əsaslandığını vurğulayıb.

“Aydın məsələdir ki, Gürcüstan bir çoxları üçün Rusiyaya təzyiq göstərmək üçün bir vasitə olub. Geosiyasi baxımdan bunun səbəbləri məlumdur, lakin Gürcüstanın mövqeyindən bu, qəbuledilməzdir. Biz Gürcüstanı hər an qurban verilə biləcək bir piyada vəziyyətinə salmaq niyyətində deyilik və bu siyasəti gələcəkdə də davam etdirəcəyik”, – Mahaşvili jurnalistlərə açıqlamasında deyib.

O, keçmişdə Gürcüstanın Rusiyaya qarşı birbaşa və ya dolayı eskalasiyalara girdiyini, lakin bunun ölkəyə fəlakət gətirdiyini qeyd edib:

“Biz artıq üç dəfə gördük ki, Rusiyayla əsassız eskalasiya başlatmaq nə ilə nəticələnir. Biz müharibə görmüş ölkəyik. Əgər yenidən lazım gələrsə, ön cəbhədə dayanacağıq. Amma siyasətçilərin əsas vəzifəsi elə məhz bu cür faciələrin qarşısını almaq, diplomatiyanın işləməsini təmin etməkdir”.

“Baltikyanı ölkələrin sanksiyaları əhəmiyyətsizdir”

Maxaşvili, Baltikyanı ölkələrin Gürcüstanın bəzi hakimiyyət nümayəndələrinə qarşı tətbiq etdiyi sanksiyaları “heç bir təsiri olmayan addım” kimi dəyərləndirib.

“Təəssüf ki, bu ölkələr son üç ildə eyni səhvləri təkrarlayırlar. Biz gec-tez danışıqlar masasına oturmaq məcburiyyətində qalacağıq. Buna görə də, onları elə addımlar atmamağa çağırırıq ki, gələcəkdə gürcü xalqı ilə münasibətləri düzəltmək üçün geri dönüş yolları bağlanmasın”, – deyə o bildirib.

Qeyd edək ki, Estoniya, Litva və Latviya Gürcüstanın bəzi rəsmilərinə sanksiya tətbiq edib.
Estoniya 83 Gürcüstan vətəndaşının, o cümlədən prokurorlar, hakimlər, polis əməkdaşları və deputatların ölkəyə girişini qadağan edib.

Litva insan hüquqlarının pozulması və repressiyalar səbəbilə 74 Gürcüstan rəsmisini sanksiya siyahısına əlavə edib.

Latviya isə 16 Gürcüstan vətəndaşına ölkəyə girişini müddətsiz qadağan etdiyini açıqlayıb.

Latviyanın xarici işlər naziri Baiba Braje sosial platforma X-də (Twitter) yazıb ki, “bu qərar miqrasiya qanununun 61-ci maddəsinə əsasən qəbul edilib”.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər